YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir

Dövlət başçısı İlham Əliyevin “Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirləri ölkəmizin uğurlarını həzm edə bilməyən, qarayaxma kampaniyalarını davam etdirən dairələrə ciddi mesajdır. Bu baxımdan Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli və yalan dolu qətnaməsinin Azərbaycan üçün kağız parçasından başqa bir şey olmadığı reallıqdır. Ölkəmizə qarşı qəbul edilən belə qərəzli qətnamələrin hər birinin arxasında dayanan maraqların nədən ibarət olduğu həmin dövlətlərin, dairələrin özlərinə “sirr” olsa da ədaləti, beynəlxalq hüququ dəstəkləyən və xarici siyasətini məhz bu prinsiplərə söykənərək həyata keçirən Azərbaycana çox yaxşı bəllidir. Bu qətnamənin qəbul edildiyi vaxta diqqət yetirəndə məqsəd tam şəkildə bəlli olur. Dünyanın 200-ə yaxın ölkəsindən 70 mindən artıq iştirakçını əhatə edən COP29 tədbiri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna  bir daha işıq salır. Bunu həm  dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən COP29-un Liderlər Sammiti,  inkişaf etməkdə olan  kiçik ada dövlətlərinin Sammiti, həm də tədbir çərçivəsində  panel iclaslarda  səsləndirilən fikirlər, iştirakçıların Azərbaycanla bağlı   rəyləri təsdiqləyir. Hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda qəbul edilən Bəyannamələr   gələcək fəaliyyətin konturlarını təqdim edir, həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin gündəmə gətirilən məsələlərn həllində hansı potensial imkana malik olduqlarını nümayiş etdirir. Bu baxımdan COP29 iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın töhfələrinin, eyni zamanda, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarının təqdimatı üçün növbəti tribuna oldu.  Təbii ki, bunları  qeyd etməklə  dünya miqyasında demək olar ki, siyasi çəkiyə malik olmayan Lüksemburqun Deputatlar Palatasının qəbul etdiyi qətnaməsinin nə qədər qərəzli,  siyasi riyakarlığın  növbəti nümunəsi olduğu təsdiqlənir.

Bu fikirləri Milli Məclisin deputatı  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev COP29 Liderlər Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində  bəzi dünya güclərinin  ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs edərək bu  məqamı xüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lüksemburq parlamentinin qətnaməsi də ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir. Azərbaycan ən yüksək tribunalardan bu reallığı çatdırır ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanına malik deyil. Heç bir qüvvə Azərbaycanla diktat dili ilə danışa bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasəti ilə uğurlarının davamlılığını təmin edir.

Millət vəkili   Milli Məclisin də  Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirdiyini diqqətə çatdıraraq qeyd edib ki,   həmin münasibətdə bu sənəd  qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirilib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamlar qətiyyətlə rədd edilib. Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu,  qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Vüqar Rəhimzadə qətnamədə əksini tapan  qərəzli fikirlərin reallıqdan uzaq olduğunu önə çəkərək  onu da əlavə edib ki, bugünədək  edilən belə cəhdlərin hər biri Azərbaycanın reallıqları qarşısında puç olub. Həqiqətlərə ədalət gözü ilə baxmaq zamanı çoxdan çatsa da hələ də bəzi dünya  dövlətləri ədaləti  maraqlarına qurban verərərək  yalan, qərəzli  informasiyaları gündəmdə saxlamaqla nəyəsə nail olacaqlarını düşünürlər. Belə qərəzli qətnamələr heç vaxt Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. Tarixi Zəfərimizdən və  suverenliyimizin tam bərpasından sonra Azərbaycanın artan beynəlxalq nüfuzu göz qabağındadır.  Yeni dövrün reallıqları əsasında inamla irəli doğru inamla addımlayan dövlətimizin uğurları davamlıdır. Həmin qətnamədə  əsassız, qondarma “siyasi məhbus” məsələsinin gündəmə gətirilməsi də  Lüksemburq parlamentinin cızılan ssenarilərin icrasında “fəal” iştirakını təsdiqləyir.  Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur. Lüksemburqun  ayrı-ayrı səviyyələrdə ölkəmizə qarşı qərəzli  bəyanatlarla çıxış etməsi artıq məlum olan olaylardandır. Prezident İlham Əliyevin  “Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir” fikri bu ölkənin  dünya siyasətində  yerinin aydın mənzərəsini yaradır. Azərbaycan kimi güclü, qüdrətli, qalib,  bütövləşən, tarixi ədaləti özü bərpa edən, BMT  Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edən bir ölkənin nüfuzuna xələl gətirmək üçün  edilən bu cəhdlər heç zaman həmin ölkələrə baş ucalığı gətirə bilməz. Əməkdaşlığa çağırışların daha da dərinləşdiyi və yeni imkanların yarandığı bir vaxtda Luksemburqun və onun arxasında dayanan dairələrin cızılan ssenarilərin oyunçuları olması  qarşılıqlı etimad mühitini öz maraqlarına görə  sıfıra endirdiklərini təsdiqləyir. Həmin dövlətlər belə qətnamələrin  Azərbaycan üçün heç bir mahiyyət kəsb etmədiyinin, yeni hədəflərə doğru daim  inamla addımladığının şahididirlər.

DİGƏR Xəbərlər Arxiv