YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq münasibətlərdə fəal rolu ilə diqqətdədir

“İki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolu bir daha bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Təkcə cari ilin ötən dövründə bu səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Ümumilikdə Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi tanınır, yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Ölkəmiz hazırda qurduğu yeni körpülərlə dünyanın diqqətindədir. Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüşlər, mətbuata birgə bəyanatları bir daha bu reallıqlara işıq saldı. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir: “Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Şimali Makedoniya arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova ilə mətbuata birgə bəyanatlarında dünyanın enerji xəritəsini dəyişən layihələrə yönəldərək bildirdi ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşılır. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq tərəflər üçün çox önəmlidir. Bu, digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. O da qeyd edildi ki, ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. On iki ölkədən 10-nu Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki,  istehsalımız bundan daha çoxdur. Çünki Azərbaycan yerli tələbatı da ödəyir. Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir”. 

Millət vəkili vurğulayıb ki, səfər iki ölkə arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayacaq: “Prezidentlər mətbuata bəyanatlarında da bu məqamı xüsusi qeyd etdilər. Bu səfər Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın ölkəmizə ikinci səfəridir. Ötən il dünyanı Azərbaycana toplayan COP29 iqlim konfransında Qordana Silyonovska-Davkovanın fəal iştirakını, tədbirin uğurla keçirilməsinə öz töhfəsini verdiyini xüsusi vurğulayan cənab İlham Əliyev onu da qeyd etdi ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün iş aparılır. Siyasi dialoq dinamik xarakter alır. Qısa zamanda Qordana Silyonovska-Davkovanın ölkəmizə ikinci səfəri bunun bariz nümunəsidir”.

Malik Həsənov Azərbaycanın dünya birliyində artan rolunu önə çəkərək ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafını bunun bariz nümunəsi kimi qeyd edib: “Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər də ölkəmizin artan nüfuzunun göstəricisidir. Prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında xüsusi diqqət göstərilən məqamlardan biri də martın 13-15 tarixlərində keçiriləcək XII Qlobal Bakı Forum oldu. Qeyd edək ki, Forum bir daha çoxtərəfliliyin əhəmiyyətinə, qlobal çağırışların həmrəylik şəraitində həllinin vacibliyinə işıq salacaq. “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda keçiriləcək tədbirdə dünyanın  müxtəlif ölkələrindən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova mətbuata bəyanatında bildirdi ki, bu bir faktdır ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı Azərbaycanda  iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır”.

Millət vəkili qısa təhlil əsasında belə bir qənaəti qeyd edib ki, Şimali Makedoniya Prezidentinin  Azərbaycana rəsmi səfəri yaxın zamanlarda iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. Qordana Silyonovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir.

DİGƏR Xəbərlər Arxiv