YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Şimali Makedoniya münasibətləri: yeni strateji əməkdaşlıq

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər bu əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq dinamik inkişaf edir. Dövlət başçılarının bir neçə ay ərzində ikinci dəfə görüşməsi bu əlaqələrin intensivliyini və tərəflərin əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir. Diplomatik münasibətlərin 1995-ci ildən etibarən möhkəmləndirilməsi iki ölkənin strateji maraqlarının uzlaşdığını göstərir.

Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqət çəkir. Azərbaycan artıq Şimali Makedoniyanın enerji bazarına təbii qaz ixracına başlamış və bu istiqamətdə gələcəkdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Ölkəmizin qaz ixracatının Avropaya yönləndirilməsi çərçivəsində Şimali Makedoniyanın da Azərbaycanın etibarlı tərəfdaşlarından birinə çevrilməsi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Bu, həm Şimali Makedoniyanın enerji təhlükəsizliyinin təmin olunmasına, həm də Azərbaycanın Avropa bazarında enerji təchizatçısı kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir.

Bundan əlavə, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi potensialı yüksəkdir. Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı kommersiya qurumları fəaliyyət göstərir. Sərmayə qoyuluşu sahəsində imkanların dəyərləndirilməsi hər iki ölkə üçün yeni iqtisadi imkanlar aça bilər. Mövcud sazişlər, xüsusilə investisiyaların təşviqi və ikiqat vergitutmanın aradan qaldırılması haqqında razılaşmalar, ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.

Humanitar sahədə də əlaqələrin gücləndirilməsi vacib amillərdən biridir. Şimali Makedoniya Prezidenti Azərbaycanda keçirilən XII Qlobal Bakı Forumunda iştirak edərək, bu platforma vasitəsilə beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıb. Azərbaycan və Şimali Makedoniya arasında mədəni əlaqələrin genişləndirilməsi hər iki xalqın tarixi və mədəni irsini daha yaxından tanımasına şərait yaradır.

Parlamentlərarası əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Azərbaycan Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və bu qanunverici səviyyədə əməkdaşlığın inkişafına imkan yaradır.

Azərbaycan Şimali Makedoniya ilə əməkdaşlığını davam etdirməkdə və hər iki xalqın rifahı naminə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Dövlət başçılarının görüşləri iqtisadiyyat və enerji sahəsində imzalanan razılaşmalar, eləcə də humanitar əməkdaşlığın gücləndirilməsi bu əlaqələrin gələcək inkişafına zəmin yaradır. Azərbaycan və Şimali Makedoniya münasibətləri qarşılıqlı hörmət və strateji maraqlara əsaslanaraq yeni səviyyəyə yüksəlməkdədir.

DİGƏR Xəbərlər Arxiv