Xəbərlər
Nərimanov rayonunda YAP-ın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib
Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının inzibati binasında ucaldılmış büstü önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli və məsuliyyətli yol keçdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. O, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən YAP-ın təsis konfransının tarixi əhəmiyyətini vurğulayıb və Dahi Lider Heydər Əliyevin zəngin irsinin əsasında, Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artacağını bildirib.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Məmmədov və Samir Vəliyev çıxış edərək, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizin uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşının Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və dövlətin, xalqın, Vətənin mənafeyi naminə əzmlə səy göstərdiklərini qeyd ediblər.
Tədbirdə Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğunu vurğulayıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanlarla təltif edilib, həmçinin, YAP sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.