Xəbərlər
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib
Noyabrın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin akt zalında “Yeni Azərbaycan Partiyası – zəfərlərdən zəfərlərə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Qaradağ rayonunun musiqi məktəblilərinin ifasında təqdim olunan musiqi sədaları altında Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi və eksponatlarla tanış olublar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti barədə qısametrajlı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın 32 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətindəki mühüm işlərdən bəhs edib.
Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP-ın yaranmasını Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 il müddətində zəngin və şərəfli bir inkişaf yolu keçdiyini bildirib. YAP-ın yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini vurğulayan Arif Rəhimzadə, bu partiyanın həm də xalqımızın milli maraqlarının ifadəçisi olduğunu qeyd edib. O, bu gün YAP-ın öz sıralarında ölkəmizin qabaqcıl gənclərini toplayaraq yetkin siyasi qüvvəyə çevrildiyini bildirib.
Tədbirdə çıxış edən məşhur “91-lər”in nümayəndəsi, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, 1990-cı illərin əvvəllərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi bir dövrdə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edib.
Konfransda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir sonunda xatirə fotosu çəkdirilib.