YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda YAP-ın 32-ci ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatı partiyanın təsis olunmasının 32-ci ildönümü münasibəti ilə tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış Lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmək qərarı verildi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığını qeyd edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti və ideyalarını həyata keçirən partiya xalqımızın siyasi tarixində özünəməxsus yer tutur. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq bərpa işləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunması, uzun illər ərzində öz doğma yurd yuvalarından qaçqın düşmüş sakinlərimizin həmin ərazilərdə məskunlaşdırılması, onların rahat həyat şəraitinin təmin edilməsi məqsədi ilə bütün imkanların səfərbər edilməsi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir.

Milli Məclisin Deputatı Ramid Namazov qeyd edib ki, YAP bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində siyasi fəaliyyət həyata keçirməkdədir. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Bu Qələbənin əsasını Heydər Əliyev Azərbaycanı inkişaf etdirərək yaratmışdı. Azərbaycanın bu gün əldə etdiyi qələbələr və qazandığı uğurların arxasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı dayanır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqlə davam etdirərək ata vəsiyyətini yerinə yetirdi və Azərbaycanın suverenliyini bərpa edərək Qarabağı işğaldan azad etdi. Bu gün Qarabağda böyük quruculuq işləri həyata keçirilir. Qarabağdan didərgin düşən vətəndaşlarımız tədricən öz doğma yurdlarına qayıdırlar.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Rayon Ağsaqqallar Şurasının sədri Vətən Müharibəsi şəhidi Vidadi zalovun atası Nizami Zalov bildiriblər ki, özləri, o cümlədən vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan övladları da YAP üzvü olub. Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsində YAP həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği və təşviqində mühüm rol oynayıb. Regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Azərbaycanın haqlı mövqeyinin ifadə edilməsi, 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinin əsl mahiyyətinin geniş ictimai fikrə çatdırılmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə yekun vurulub.