Xəbərlər
Zəfər partiyası Azərbaycana möhtəşəm uğurlar qazandırır
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı partiyanın təsis edilməsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində milli seçim, Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrilib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 32 illik şərəfli tarixi Azərbaycana misilsiz uğurlar qazandırıb. Bu gün də Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək, Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü hərbi - siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır.
Tədbirdə partiya veteranı, YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev, Saatlı şəhər 3 saylı ərazi partiya təşkilatının sədri Günay Sultanova və digər partiya fəalları çıxışlarında qeyd ediblər ki, Ulu Öndərin tarixi xidmətlərindən biri də bu gün ölkəmizin siyasi mühitində xüsusi rol oynayan Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Yeni Azərbaycan Partiyası yarandığı gündən daim siyasi mübarizələrin önündə getmiş, bu gün də ölkəmizin işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətin Prezident İlham Əliyevin yaradıcı şəkildə davam etdirməsi Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.