Xəbərlər
YAP: Milli birlik və həmrəyliyin rəmzi
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri
XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik fəaliyyəti sayəsində Azərbaycan dövlətçiliyi tarixinin mühüm mərhələsinin əsası qoyuldu. Milli Azadlıq Hərəkatının sosial sarsıntıları özünün real gerçəkliyi ilə təsadüfləri kənara atdıqdan sonra milli müstəqilliyin başında durmalı olan qüvvələri üzə çıxardı. Bu qüvvələrə Ulu Öndər Heydər Əliyev kimi bacarıqlı, müdrik, uzaqgörən və xarizmatik liderin rəhbərliyi lazım gəlirdi. Milli Azadlıq Hərəkatının ilk illərinin yaratdığı eyforiya, xaotik, utopik, xəyalpərvər ideyalar tədricən səngiyib aradan çıxdı. Onun yerini milli müstəqilliyin real-praktiki tələblərini vaxtında qiymətləndirə bilən qüvvələr tutdu. Bu qüvvələrə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yeni, parlaq bir səhifəsini yazdı. “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin Sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı.
Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu həm də ölkəmizdə demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə açmış oldu. Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.
Birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan Respublikasının sürətli inkişafında Yeni Azərbaycan Partiyasının müstəsna rolu var. Azərbaycan daha da inkişaf edib gücləndikcə YAP da öz qarşısına yeni tələblər qoyur. İlk növbədə, partiyanın fəaliyyətində müsbət keyfiyyət dəyişikliklərini artırmaq üçün sistemli islahatlar həyata keçirilir. Belə ki, 2021-ci il 5 mart tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında yeni Nizamnamə qəbul olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının üzvləri seçilmişdir.
Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq respublikamızda siyasi dialoqa öz töhfəsini verməkdədir. “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” deyə qeyd edən dövlət başçımız ölkəmizdə milli həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində bütün lazımi addımları atır. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti sayəsində ölkəmizin qazandığı mühüm uğurlar daim diqqət mərkəzində saxlanılır və xalqımız tərəfindən yüksək səviyyədə qiymətləndirilir.
Azərbaycan dövləti sürətli inkişaf yolundadır. Artıq ölkəmiz dünya birliyində öz layiqli yerini tutmuşdur. Bunun nəticəsidir ki, Avropanın və dünyanın aparıcı dövlətlərinin başçıları Azərbaycan prezidenti Cənab İlham Əliyevin mövqeyi ilə hesablaşır və sözü də imzası qədər keçərli olan dövlət başçımızla taleyüklü məsələləri səmimi müzakirə edirlər. Bütün bunlar Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzunun göstəricisidir. Bu partiya ölkəmizi yeni zirvələrə daşıyır.