YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının inzibati binasında partiyanın təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ümummilli Lider əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub. 

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirak etdikləri tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən danışıb. F.Vəliyev vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib: “Bu hadisənin özü xalqın Ümummilli Lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 32 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib”. 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında 32 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd edib: “Bu məqsədlə 1992-ci ildə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verib. YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanda yaradılıb”. 

Şəmkir rayonu Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Roza Orucova, Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova, Yeni-həyat kənd ərazi partiya təşkilatının sədri Qətibə Məmmədova, partiya fəalı Xəqani Babayev və digər fəallar bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 32 illik şərəfli tarixi Azərbaycana misilsiz uğurlar qazandırıb. Bu gün də Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyanın ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olduğu qeyd olunub.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim edilib.

Sonda Yeni Azərbaycanın Partiyasının himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv