YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Parkı bizə hər zaman igidlərimizin qəhrəmanlığını xatırladacaq

“Tarixi Qələbəmizin dördüncü ilində Bakı şəhərində Zəfər Parkının paytaxt sakinləri və qonaqların ixtiyarına verilməsi böyük əhəmiyyət kəsb edən hadisə oldu. İkinci Qarabağ müharibəsində şanlı ordumuzun əldə etdiyi Zəfərin əbədiləşdirilməsinə xidmət edən bu park 10 hektara yaxın ərazini əhatə edir və paytaxtımızın çox gözəl bir guşəsində yerləşir. Bakının görünüşünü daha da müasirləşdirən, insanların istirahətini rahatlaşdıran parkı gəzdikcə, 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaətini göz önünə gəlir. Parkda Zəfər tağı, Zəfər abidəsi, Zəfər muzeyi inşa edilib. Müasir üslubda inşa edilən əzəmətli Zəfər tağının hündürlüyü 44 metr, sütunlarının sayı 44-dür. Bu da simvolik məna kəsb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə salınan bu park ölkə rəhbərliyinin şəhidlərin xatirəsinə dərin ehtiramının, qazilərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.

Bu fikirləri Milli Məclisinin deputatı Tahir Mikişili bildirib.

Onun sözlərinə görə, Zəfər Parkı 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin təbliğ edilməsinin ən tutarlı formalarından biridir: “Prezident İlham Əliyevin Zəfər Parkının açılışında söylədiyi kimi, biz həm Birinci, həm İkinci Qarabağ müharibəsində qurban verdiyimiz şəhidlərin qisasını döyüş meydanında aldıq. Biz son 200 ildə ilk dəfə olaraq müharibədə qalib gəldik, torpaqlarımızı azad etdik, suverenliyimiz bərpa olundu. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərdi. Həqiqətən də, son 200 illik tariximizdə ilk dəfə olaraq qazandığımız bu Zəfərin təbliğinə, əbədiləşdirilməsi hər zaman ehtiyac var. Biz indi Zəfər Parkında daha rahat, qürurla istirahət edə bilərik. Erməni separatizminin kökünü kəsən, döyüş medanında onları məğlub edən, Ermənistanı kapitulyasiya aktını imzakamağa məcbur edən, öz suverenliyini tam təmin edən Azərbaycanın hər bir vətəndaşının ləyaqətli, qürurlu yaşamaq, istirahət etmək, dincəlmək haqqı var...”.

Millət vəkili onu da əlavə edib ki, azərbaycanlılara qənim kəsilmiş, etdiyimiz yaxşılıqları unutmuş, verdiyimiz çörəyin, suyun dəyərini itirmiş ermənilər xəcalət çəkdikləri və etdikləri cinayətlərin məsuliyyətini bildikləri üçün Qarabağı könüllü tərk etdilər: “Onlar deyirdilər ki, biz etdiyimiz əməllərdən sonra azərbaycanlıların gözlərinə baxa, onlarla bir yerdə yaşaya bilmərik. Ermənilərin könüllü köçünü “etnik təmizləmə” kimi qələmə verən qüvvələrdə vicdan problemi var və onların ədalət tərəziləri düzgün işləmir. Bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan təxribatlara uymadı, Zəfərin ilk günündən Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə başladı. Bu gün azad olunan ərazilərimiz nəhəng tikinti meydançasını xatırladır. Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr isə Ermənistanı silahlandırır. Təbii ki, biz də mövcud hərbi potensialımızla kifayətlənmirik. Ordu quruculuğu prosesi müharibədən sonra da davam etdirilir. 30 illik işğal tarixi bizim yaddaşımızdan silinməyib. Azərbaycan Silahlı Qüvvələri hər an erməni təxribatına hazır olmalı, düşmənə layiqli cavab verməlidir. Bu mənada mən Zəfər Parkını həm də yaddaş kitabçası adlandırardım. Bu park bizi və gələcək nəsilləri erməni vəhşiliklərini unutmağa qoymayacaq. Orada gəzən, istirahət edən hər bir azərbaycanlının vətənpərvərlik ruhu daha da güclənəcəkdir. Elə Zəfər Parkının əsas missiyası da məhz ölkəmizdə gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır”.