Xəbərlər
Şərəfli tariximizin parlaq səhifəsi
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
44 günlük Vətən müharibəsində şanlı ordumuz yeni hərbi strategiyalar üsulunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Azərbaycanın apardığı hərbi əməliyyatlar, əldə etdiyi tarixi Qələbə həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bütün bunlar sübut edir ki, ölkəmizdə hərbi islahatlar ən yüksək səviyyədə aparılıb, ordu quruculuğu müasir formada inkişaf edib. Nəticədə, Azərbaycan Ordusu bütün hədəflərə nail olub.
Rəşadətli ordumuz Azərbaycan yeni hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. Qələbənin əldə edilməsində Azərbaycan-Türkiyə tandemi də mühüm rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və belə də davam edəcəkdir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat yeni kommunikasiya layihələri üçün zəmin yaratdı. Bəyanata əsasən, reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.
Rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə 10 noyabr Bəyanatı ilə son qoyuldu. Həmçinin, Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları da alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan bu rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra imzaladığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr isə Zəfər Günü kimi təsis edilib. Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. 2023-cü il sentyabrın 20-də isə ölkəmizin suverenliyi tam təmin edilib. Azərbaycan Ordusunun 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisində qanunsuz məskunlaşmış Ermənistan hərbi birləşmələri təslim olub. Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə üçrəngli şanlı Azərbaycan Bayrağını ucaldıb.