Xəbərlər
Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyasının sıralarında yüksək bilik və bacarığa, intellektə sahib olan gənclər birləşib
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisində «Siyasi debat» layihəsinin açılış mərasimi olub. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, YAP Gənclər Birliyi hər il gənclər üçün maraqlı olan müxtəlif layihələrlə çıxış edir.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihə iştirakçılarına uğurlar arzulayıb. YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrin ölkə gəncləri tərəfindən maraqla qarşılandığı deyən M.Qurbanlı «Siyasi debat» layihəsinin də böyük maraq doğuracağına əminliyini bildirib. Onun sözlərinə görə, YAP-ın sıralarında yüksək bilik və bacarığa, intellektə sahib olan gənclər birləşib: «Bu gənclər həm də, gələcəyin peşəkar siyasətçiləridir. Hazırda, dövlət idarəçiliyində gənclər daha çox irəli çəkilir. Eyni zamanda, seçkili orqanlarda da gənclər təmsil olunur. Son bələdiyyə seçkilərində, xüsusilə gənclərin təmsilçiliyi xeyli artaraq 30 faizdən çox olub. Gələcəyin siyasətçiləri üçün təbii ki, siyasi debat qaydalarını öyrənmək vacibdir. Çünki natiqlik qabiliyyəti insanların, seçicilərin diqqətini özünə cəlb etmək baxımından önəmlidir. Tarixdən də məlumdur ki, parlamentlərdə güclü natiqlik qabiliyyətinə malik insanlar arasında böyük nüfuz sahibi olublar».
M.Qurbanlının fikrincə, YAP Gənclər Birliyinin «Siyasi debat» layihəsi gənclər üçün faydalı olacaq. O, siyasi debatlarla bağlı öz təcrübəsini gənclərlə bölüşüb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva da çıxış edərək siyasi debat qaydalarının öyrənilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gənclər debata çıxarkən müəyyən olunmuş mövzu haqda geniş məlumata malik olmalıdırlar. Belə olan təqdirdə, üstünlük həm geniş məlumata sahib olan, həm də yüksək nitq mədəniyyətə malik olan tərəfdə olacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi siyasətə marağı olan gənclərə siyasətin incəliklərini aşılamaq, onların beynəlxalq miqyasda, ölkələr arasında baş verən siyasi gedişatlara düzgün rəy vermələrini təmin etməkdir. Tədbirdə layihənin iştirakçısı olan gənclər də çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.