YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

RF Dövlət Dumasında “Müasir şəraitdə Rusiya ilə Azərbaycanın qarşılılıqlı əlaqələrinin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçirilib

Sentyabrın 22-də Rusiya Federasiyası Dövlət Dumasında “Müasir şəraitdə Rusiya ilə Azərbaycanın qarşılılıqlı əlaqələrinin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları ikitərəfli iqtisadi münasibətlərin problemləri və perspektivləri, o cümlədən regional səviyyədə çoxsahəli əməkdaşlıq, habelə müştərək layihələrin informasiya dəstəyi və bu prosesdə KİV-lərin iştirakı məsələlərini müzakirə ediblər.

Dəyirmi masanın aparıcısı, RF Dövlət Dumasının deputatı, Dumanın maliyyə bazarı komitəsi sədrinin müavini, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev tədbiri açaraq qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin əsasını mehriban qonşuluq prinsipləri, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri təşkil edir. Deputat vurğulayıb: “Rusiya və Azərbaycan zəngin və çoxtərəfli qarşılıqlı fəaliyyət təcrübəsi toplayıblar. Bu, şübhəsiz çox vacibdir, çünki ölkələrimizin qarşılıqlı münasibətləri məhz bu əsas üzərində qurulur”. D. Savelyev statistik məlumatlara istinad etməklə neft-qaz sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq barədə söhbət açıb. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi demək olar ki, 50 faiz artıb. Bu, dünya üzrə orta artım göstəricilərindən xeyli yüksəkdir. D. Savelyev vurğulayıb: “Bu gün Rusiya bazarına kənd təsərrüfatı məhsulları ixracı üzrə lider olan Azərbaycan hər il 300 milyon dollardan artıq dəyərdə bu cür məhsul göndərir. Rusiyanın MDB-yə üzv ölkələrdən olan ticarət tərəfdaşları arasında Azərbaycan beşinci yeri tutur. Rusiya da öz növbəsində, faktiki olaraq Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır”.

AZƏRTAC-ın Rusiyadakı xüsusi müxbiri Fəridə Abdullayeva dəyirmi masada “Rusiya-Azərbaycan: vahid informasiya məkanının formalaşması amilləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Azərbaycanda rusdilli mətbuatın inkişafı Azərbaycan iqtidarının bütövlükdə Rusiya sosiomədəni və dil məkanına həssas və qayğıkeş münasibətinin qanunauyğun nəticəsidir. F.Abdullayeva deyib: “Hələ xalqımızın ümummilli lideri Heydər Əliyevin sağlığında ölkəmizdə yüksək təhsil səviyyəsinin və vətəndaşların inkişafının dəstəklənməsinə yönəlmiş ümummilli siyasətin ən mühüm hissəsi hesab edilən sosiomədəni və informasiya məkanının Rusiya platformasının möhkəmlənməsinə xüsusi əhəmiyyət verilirdi”.

“Spravedlivaya Rossiya” fraksiyasından Dövlət Dumasının deputatı, MDB məsələləri və həmvətənlərlə iş üzrə komitənin üzvü Tatyana Moskalkova qeyd edib ki, 2014-cü ildə 106 min Azərbaycan vətəndaşı Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alır. O, xüsusi vurğulayıb ki, 2015-ci il yanvarın 1-dən etibarən Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi, miqrantlar üçün yeni qaydalar sisteminin tətbiq edilməsi ilə əlaqədar, Azərbaycan vətəndaşları arasında hüquq maarifçilik işi aparılması çox vacibdir. Rusiyalı deputat azərbaycanlı gənclərin Rusiya ali məktəblərində təhsil alması məsələsinə də toxunaraq qeyd edib ki, Rusiyanın ali məktəblərində Azərbaycan üçün ayrılan kvota hər il artırılır.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) direktoru Natalya Krasovskaya öz çıxışını Rusiya regionları ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif aspektlərinə həsr edib. O, Həştərxanda keçirilmiş Birinci Xəzər Media Forumunda iştirak etməsi, habelə Yekaterinburqda keçiriləcək Rusiya-Azərbaycan regional Forumu barədə məlumat verib.

RAD Mərkəzinin direktoru deyib: “Mən bilirəm ki, Heydər Əliyev Fondu Həştərxanda daha bir neçə layihə həyata keçirməyə hazırlaşır. Fikrimcə, bütün bunlar həm Həştərxan şəhərinin, həm də bütün Rusiyanın xeyrinə olacaq. Həştərxandakı Heydər Əliyev parkı, Dostluq körpüsü və bir sıra başqa layihələr hər iki ölkənin vətəndaşlarının bir-birini daha yaxşı tanımasına kömək edir, onlarda səmimi dostluq duyğuları oyadır”.

Dəyirmi masada RF Dövlət Dumasının energetika üzrə komitəsinin sədrinin birinci müavini Vasili Tarasyuk, RF Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın professoru Boris Loginov və başqaları da çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv