YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Marşı: Qələbəyə aparan yol

Kamilə Əliyeva,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən İran və Şərqi Anadoludan qədim Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər 200 il ərzində mütəmadi olaraq azərbaycanlılara qarşı müxtəlif təxribatlar törətdilər. Məskunlaşdıqları ilk vaxtdan ermənilər xislətlərinə uyğun olaraq, Azərbaycan toponimlərini dəyişməyə, sıx yaşadıqları ərazilərdən azərbaycanlıları sıxışdırmağa başladılar.

Baş verən tarixi hadisələrdən istifadə edən ermənilər xalqımıza qarşı qanlı cinayətlər törədir, havadarlarının köməyi ilə azərbaycanlı qadınları, uşaqları belə qətlə yetirirdilər. Rusiya inqilabının yaratdığı şəraitdən istifadə edərək 1905-1907 və 1918-ci illərdə 100 minlərlə azərbaycanlı qətlə yetirilmişdir. 1918-1920-ci illərdə ermənilərin törətdikləri vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. İrəvanda, Zəngəzurda, Göyçədə, Şamaxıda, Gəncədə, Bakıda və bir çox ərazilərdə ermənilər azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər, xalqımızı öz yurd yerlərindən qovdular.

1948-ci ildən SSRİ rəhbərliyi müxtəlif bəhanələrlə Ermənistan Respublikasında yaşayan 100 minlərlə azərbaycanlını minilliklər boyu yaşadıqları öz doğma torpaqlarından deportasiya etmişdir. Ağır şəraitdə yük vaqonlarında Azərbaycana göndərilən yüzlərlə soydaşımız yolda dünyasını dəyişdi.

1988-ci ildən başlayaraq Qarabağdakı erməni millətçiləri bu ərazilərin Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi məqsədilə mitinqlər keçirməyə başladı. O vaxt Azərbaycana rəhbərlik edən şəxslər təəssüflər olsun ki, bu hadisələrin qarşısını almaqda acizlik göstərdilər. Qarabağdakı daşnaklar, xaricdən gələn terrorçular silahlı dəstələr yaradaraq azərbaycanlıları qətlə yetirirdilər. 1991-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Vətəndaşlarımıza qarşı misli görünməmiş soyqırımı cinayəti törətdilər, şəhər və kəndlərimizi viran qoydular. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirməkdən imtina edirdi. İkili standartların mövcudluğu səbəbindən Ermənistana heç bir təzyiq göstərilmirdi. Münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə mövcud vəziyyətin dondurulmasına və erməni işğalına xidmət edirdi.

Azərbaycan xalqı isə hər zaman öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı. 2003-cü il oktyabrın 15-də xalqımız Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı, cənab İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalqımız bilirdi ki, torpaqlarımızı işğaldan yalnız İlham Əliyev kimi bir Lider azad edə bilər.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amallar uğrunda - işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı. Dövlət başçısının gərgin əməyi, güclü və düşünülmüş siyasəti nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Vətən müharibəsində qazandığımız Qələbəni şərtləndirən amillərdən biri də Azərbaycanın iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi faktoru oldu. Məhz bu dayanıqlı iqtisadiyyat nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və problemin həlli üçün hüquqi baza yaratdı. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətnamələr qəbul etdi. Görülən bütün fəaliyyət Azərbaycanı qalibiyyətə - 8 noyabr Zəfərinə aparırdı.

Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi-siyasi Qələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi-siyasi yolla azad etsin. Azərbaycan xalqı öz Liderinin - cənab İlham Əliyevin başçılığı ilə sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Şanlı ordumuzun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi.

Ulu Öndər Heydər Əliyev “Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq”, - deyirdi. Cənab İlham Əliyev Dahi Liderin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin qəbrini ziyarət etməsi və orada “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”, - deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. Cənab İlham Əliyev dövlətinə və xalqına bağlı bir müdrik şəxsiyyətdir.

2023-cü il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu. Lakin Xankəndi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata zidd olaraq bu ərazilərdən çıxmamışdı, onlar mülki vətəndaşlarımıza və hərbiçilərimizə qarşı terror aktı törədirdilər. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər.

2023-cü il oktyabrın 15-də tariximizə daha bir şanlı səhifə yazıldı. Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və ölkəmizin suverenliyi tam təmin olundu.  Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız qətlə yetirilmiş mülki əhalinin, şəhidlərin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.

Böyük Zəfərdən dərhal sonra artıq Böyük Qayıdış proseslərinə start verildi. Cənab İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə uğurla rəhbərlik edir. Bu missiyada bütün Azərbaycan xalqı dövlət başçısının ətrafında mütəşəkkil şəkildə birləşib. 8 noyabr xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq.