Xəbərlər
Dinamik əməkdaşlıq formulu
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və dövlət başçısının dünya siyasətçiləri sırasında möhkəm mövqeyini növbəti dəfə təsdiq etdi.
Azərbaycanın bu mühüm tədbirdə iştirakı ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsini və beynəlxalq əməkdaşlığa verdiyi böyük töhfələri əks etdirir.
Cari ilin 24 oktyabr tarixində Prezident İlham Əliyev Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Cənab İlham Əliyev çıxışında qeyd edib ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Dövlət başçısı vurğulayıb ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Beləliklə, dövlət başçımızın tez-tez mötəbər beynəlxalq tədbirlərə dəvət alması bütövlükdə ölkəmizə və onun Liderinə qlobal miqyasda böyük hörmət və ehtiram bəslənildiyini əyani şəkildə təsdiqləyir.