YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BRICS Sammiti – nüfuzumuzun növbəti göstəricisi

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Ölkəmiz daha bir beynəlxalq təşkilatın sammitinə dəvət olunmaqla önəmli beynəlxalq tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirdi. Bəli, bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan bir sıra regional və beynəlxalq platformalara dəvət olunur, dövlətimizin başçısı sammitlərdə nüfuzlu, fəxri qonaq kimi iştirak edir. Prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu reallığı təsdiqləyir. Dünyanın ən mühüm siyasi və iqtisadi güc sahibi olan ölkələrin birləşdiyi bu nüfuzlu təşkilatın işinə Azərbaycanın dəvət olunmağı həm də ölkəmizin perspektivli iinkişafı üçün müsbət işarədir.

Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Sammit zamanı dövlətimizin başçısının keçirdiyi görüşlər, əldə edilən razılaşmalar, habelə gələcək perspektiv üçün proqram xarakterli fəaliyyət istiqamətlərinin müzakirə edilməsi ölkəmizin önəmli tərəfdaş olmasından xəbər verir. Sammitdəki çıxışı zamanı dövlətimizin başçısının toxunduğu ən vacib istiqamətlərdən biri Azərbaycanın regional və qlobal iqtisadi proseslərdəki rolu ilə bağlıdır. SİTAT: “Hər şeydən əvvəl, onu qeyd edək ki, bu gün Azərbaycanın həm BRICS, həm də Şanxay Əməkdaşlıq Təşkilatında strateji çəkiyə sahib Rusiya və Çinlə əlaqələri yeni keyfiyyət mərhələsindədir. Hər iki ölkənin Cənubi Qafqazdan keçəcək nəqliyyat marşrutlarına maraqlarını nəzərə alsaq, Azərbaycanla BRICS çərçivəsində əməkdaşlıq qarşılıqlı siyasi-iqtisadi dividendlərin səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracaq. Böyük əmək və ticarət bazarı, habelə, təbii resursların cəmləşdiyi ərazini əhatə edən BRICS nəqliyyat, kommunikasiya və ticarət sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün geniş perspektivlər açır. Qurumun təsis etdiyi Yeni İnkişaf Bankının malik olduğu 100 milyard dollar ehtiyat fondu isə ölkəmizə sərmayələr yatırılmasına imkan yaradır ki, bu da hazırda işğaldan azad edilən ərazilərin bərpası və inkişafına mühüm töhfələr verə bilər”.

 BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara əsaslanır. Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bundan başqa, Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRICS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normal və məntiqlidir.

Prezident İlham Əliyevin sammitdə dediyi kimi, “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır.”

Prezident İlham Əliyev qlobal təhlükəsizlik və enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxundu. O, bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi. Eyni zamanda, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunmasında aktiv rol oynadığını, bölgədəki münaqişələrin həlli üçün konstruktiv yanaşmalar sərgilədiyini bildirdi.

Bundan başqa, daha bir vacib məqama diqqət edək. Azərbaycan Prezidentinin BRICS-in Kazan sammitinə dəvət olunması təadüfi deyil. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Bundan sonra Azərbaycan bu təsisatda səmərəli fəaliyyətini uğurla davam etdirir. Həmçinin, Azərbaycan COP29-a sədrliyi dönəmində dünya enerji diplomatiyasını aktiv şəkildə formalaşdırır.  Bu konteksdə, həm də BRİCS ölkələri ilə fəal dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında Prezident İlham Əliyev bu məqamları xüsusi vurğulayıb. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dövlətimiz bu mövqeyini bütün platformalarda bəyan edir.

 XVI BRICS Sammiti zamanı Azərbaycan və Ermənistan arasındakı münasibətlərə dair müzakirələr də keçirilib. Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər  yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verildi.

Kazan sammiti çoxqütblü dünya nizamına doğru iddialı addımı qeyd etsə də, onun müvəffəqiyyəti genişlənmiş BRİCS-in birlik və uyğunluğu necə qoruyub saxlamasından asılı olacaq, çünki yeni üzvlər və tərəfdaş ölkələr öz rəqabətli maraqlarını BRİCS-in gündəliyinə gətirə bilərlər. BRİCS ölkələri də bu assosiasiyanın genişlənməsini tənqid edən və ələ salan, Kazanda keçirilən forumu mənasız şou kimi dəyərləndirən Qərbi yaxından izləməli olacaqlar. Bu baxımdan, yaxın günlərdə BRİCS ölkələrinin liderləri assosiasiyanın anti-Qərb mövqeləri üçün platforma deyil, qlobal siyasətdə qeyri-Qərb alternativ povesti üçün foruma çevrilməsini təmin etməli olacaqlar.

 Bu beynəlxalq təşkilatla əməkdaşlıq həm də Azərbaycan üçün iqtisadi dividentlər də vəd edir. Rusiya, Hindistan və İranın marağında olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və eyni zamanda Çin və Avropanın marağında olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər. Beləcə ölkəmiz XVI BRICS Sammitində yüksək səviyyədə iştirak etməklə beynəlxalq etimad və iqtisadi tərəfdaşlıq baxımından da mühüm irəliləyişə nail oldu.