YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prinsipial mövqe

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahbiliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Ölkəmiz  gələn ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi edəcək.  Belə bir  qərarın qəbul edilməsi ölkəmizin növbəti uğuru kimi dəyərləndirilir. Bu, Azərbaycana inamın və etimadın göstəricisidir. Dövlət başçısı İlham Əliyev çıxışlarında «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı» fikirləri ilə COP29-un ölkəmizdə keçirilməsini təmin edən  amilləri əsaslı şəkildə diqqətə çatdırır.  

COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. 10 minlərlə xarici qonaq ölkəmizə gələcək. Bu sayda nümayəndənin  Azərbaycanda olması  reallıqlarımızın onların vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılmasına yardımçı olacaq. Azərbaycan malik olduğu imkanların təqdimatı üçün növbəti tribunanı qazanmaqla bir daha beynəlxalq münasibətlər sistemində yeri və roluna yeni əlavələr edəcək.

Dövlət başçısı İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən  XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin  fəal tərəfdarları olduğunu qeyd edərkən COP29-a xüsusi diqqət yönəltdi. Bildirdi ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana etimad böyükdür. Təbii ki, bu uğurlarımızda dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu əhəmiyyətli rol oynayır. Bu gün 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı ilə Azərbaycanın münasibətlərinin timsalında bunu aydın şəkildə görürük. Cənab İlham Əliyev sözügedən tədbirdəki çıxışında da diqqəti bu reallığa yönəltdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə  əyani şəkildə nümayiş etdirib.  Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadılmışdı. Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2011-ci ildə Azərbaycanın 155 ölkənin səsini qazanaraq  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. Quruma  üzv ölkələr Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 Qoşulmama Hərəkatı ölkəsi tərəfindən inamla alınmışdır. Azərbaycanın ədalətli mövqeyinin quruma üzv  ölkələr tərəfindən dəstəklənməsi onların bu məsələdə beynəlxalq hüquqa əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş, beynəlxalq birliyin  məsuliyyətli,  fəal üzvü olan Azərbaycanı dəstəkləmək istəyindən də qaynaqlanır.

Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu hazırkı reallıqlarda özünü daha aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır.