YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz beynəlxalq əməkdaşlığa davamlı töhfələr verir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev bu günlərdə Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın  beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bu mühüm reallıq xüsusi vurğulandı ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib.  Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı ilə Azərbaycanın əlaqələrinin yüksələn xətlə inkişafı keçilən yolun təhlili əsasında daha aydın görünür. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Qurumda 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Bunları sadalamaqla Azərbaycanın qurumda, həmçinin Hərəkatın üzv dövlətləri ilə münasibətlərdə böyük nüfuza, etimada malik olduğunu bir daha qeyd edə bilərik. Azərbaycan qlobal problemlərin həllində liderliyini nümayiş etdirən ölkə kimi nüfuz qazanıb. 2019-cu ilin sonlarından, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən cənab İlham Əliyev «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” söyləyərək  birgə  addımların atılmasını əsas amil kimi önə çəkdi. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının  keçirilməsi bunun bariz nümunəsidir. 

Cənab İlham Əliyevin  Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

Bu mühüm məqamı da qeyd edək ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və hazırda yeni reallıqlar fonunda sülh müqaviləsinin imzalanmasına göstərilən səylərin təqdimatında öz sözünü deyir. Bu baxımdan XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası diqqətdə oldu. Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

XVI BRICS Sammiti Azərbaycanın nəqliyyat imkanlarının da təqdimatında öz sözünü dedi.  “Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib” bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında bu mühüm məqamı bildirir ki, istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. İstəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri, biznes imkanları yaradılsın, sərmayə qoyulsun.

Azərbaycan yalnız investisiya cəlbediciliyini qorumur, eyni zamanda, investisiya yatıran ölkə kimi də tanınır. Bütün bunlar Azərbaycanın sabitlik diyarı, böyük iqtisadi potensiala malik ölkə kimi tanınması ilə sıx bağlıdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın  bu gününə və gələcəyinə inamı artırdı. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir bu imkanların geniş təhlili əsasında yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açır. Qeyd edək ki, builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatıldılar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Qurum  yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.