YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BRİKS Azərbaycanın artan potensialının reallaşdırılması üçün vacib beynəlxalq platformadır

Əli Hüseynli

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan praqmatik siyasi doktrina son illər Azərbayca­na tarixi nailiyyətlər, hərtərəfli iqtisadi uğurlar qazandırmış, respublikamızı regionda güc mərkəzlərindən birinə çevirmişdir. Balanslaşdırılmış və çox­vektorlu xarici siyasət kursu ilə regional və qlo­bal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azər­baycan beynəlxalq təşkilatlarda da uğurla təmsil olunur. BMT, Avropa İttifaqı, NATO, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlar­da respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir.

Məhz bunun sayəsində, xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü və ötən ilin sentyabrında Qarabağ da daxil olmaqla bütün ölkə ərazisində suverenliyimizi tam şəkildə bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, çox sayda nüfuzlu dövlətlər qalib  dövlətimizə ciddi maraq göstə­rir, tərəfdaşlıq etmək istəklərini ifadə edirlər.

Bu gün isə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında növbəti ünvan BRICS-dir. Xatırladaq ki, 2006-cı ildə yaradılan BRICS Brazili­ya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi blok olaraq onun əsas məqsədi üzv dövlətlər ara­sında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.

Məlum olduğu kimi, ölkəmiz də rəsmi olaraq bu kluba  qoşulmaq üçün müraciət edib. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astana­da keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin 4.5-ci bən­dində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb.

Oktyabrın 24-də Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdı olduğunu diqqətə çatdırmışdır: “...bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Azərbaycanın BRİCS çərçivəsindəki fəəaliyyəti ölkənin gələcək inkişaf perspektivlərinə hesablanmış ciddi arqumentlərə əsaslanır və onun bu təşkilata daxil olması üçün müraciətin tamamilə praqmatik səbəbləri var. Belə ki, bu təşkilat dünya iqtisadiyyatında yüksələn güclərin birliyini təmsil edir və qlobal güc balansında mühüm rol oynayır. Qurumun qlobal miqyasda tutduğu yer yalnız iqtisadi göstəricilərinə deyil, həm də siyasi və strateji əhəmiyyətinə görə böyükdür. BRİCS-in təsir gücü inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq və iqtisadi böyümə üçün alternativ bir platforma yaratmaq məqsədindən qaynaqlanır. Təşkilat üzvləri xüsusilə qlobal qərarların qəbul edilməsində daha böyük rol oynamaq və beynəlxalq arenada ədalətli güc balansının təmin edilməsini təşviq etmək məqsədini daşıyır.

BRİCS-ə üzv ölkələr dünya iqtisadiyyatının mühüm aktorlarıdır. Onların arasında qarşılıqlı ticarət və iqtisadi əlaqələr qlobal ticarət dövriyyəsinə əhəmiyyətli təsir göstərir. Bu ölkələrin iqtisadiyyatı inkişaf etməkdə olan bazarların potensialını nümayiş etdirir və bu, qlobal iqtisadi dinamikanın dəyişməsində vacib amil kimi çıxış edir. BRICS həmçinin beynəlxalq məsələlərdə birgə mövqelərini ifadə etmək və qlobal problemlərə həll yolları təklif etmək üçün vacib platformadır.

Bu qurum dünya ÜDM – nin həcmi baxımından ən böyük paya sahib olan və son onilliklərdə ən böyük iqtisadi artım göstərən ölkələr birliyidir. Lakin məsələ təkcə həcmdə deyil, həm də inkişaf dinamikasındadır və bütün bunlar nəzərə alınmalıdır. Müqayisə üçün deyək ki, 20 il əvvəl ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya kimi nəhəng dövlətlərin birləşdiyi birləşdirən qeyri-rəsmi beynəlxalq klub G7 (“böyük yeddilik”) dünyanın ümumi məhsulunun təxminən 45 faizinə malik idisə, indi bu rəqəm 25 faiz səviyyəsinə düşüb. BRİCS isə, əksinə, təsis olunduğu 2006-cı ildən keçən dövr ərzində 17-18 faizdən 35-37-faizədək ciddi bir sıçrayışa nail olub. Yəni, bu gün o, dünya iqtisadiyyatında çəki baxımından ən böyük beynəlxalq klubudur.

Bu baxımdan Azərbaycanın BRİCS-ə qoşulması ölkə iqtisadiyyatına əhəmiyyətli üstünlüklər gətirə bilər. Təşkilata üzvlüyün əsas aspektlərindən biri Azərbaycan malları üçün satış bazarlarının genişləndirilməsi imkanıdır. Rusiya, Çin, Hindistan və Braziliya kimi böyük iqtisadiyyatları olan BRİCS ölkələri xüsusilə enerji, kənd təsərrüfatı və emal sahələrində Azərbaycanın ixracına kömək edə bilər. Cənab İlham Əliyev tədbir iştirakçılarının diqqətini bu arealda və qurum daxilində ölkəmizin potensial imkanlarına yönəltmişdir: “Bu fonda Azərbaycan özünün unikal strateji mövqeyi sayəsində BRİCS ölkələrini infrastrukturun, nəqliyyat dəhlizlərinin və logistika mərkəzlərinin inkişafına cəlb edə bilər ki, bu da iqtisadi artımı gücləndirəcək. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir”.

Kluba daxil olan ölkələr arasında münasibətlərin əsas prinsipləri başqalarının daxili işlərinə müdaxilə etməmək, bərabərlik, çoxqütblülük və qarşılıqlı faydadır. Ona görə də Afrikadan keçməklə Cənubi Amerkadan Şərqi Asiyaya qədər uzanan böyük bir coğrafiyanı əhatə edən bu təşkilata üzv olmaq üçün müraciət edən ölkələrin sayı ilbəil artaraq indi 59-a çatmışdır. BRİCS ölkələrinin bu gün Azərbaycanın quruma üzvlüyünə pozitiv yanaşması gələcəkdə ölkə iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi yolunda mühüm amilə çevrilə bilər. Bu addımın iqtisadi üstünlükləri mümkün riskləri xeyli üstələyə və onu dünya iqtisadiyyatında qlobal transformasiya şəraitində Azərbaycan üçün perspektivli seçim edə bilər.

Digər tərəfdən, BRİKS-in özü bir sıra mühüm səbəblərə görə, ilk növbədə, ölkənin coğrafi mövqeyinə və oradan keçən logistika marşrutlarına görə Azərbaycana ehtiyac duyur. Ölkəmizin kluba daxil olması onu bu quruma daxil olan və qoşulmağı planlaşdıran dövlətlərin, xüsusilə Asiya və ərəb ölkələrinin birbaşa strateji tərəfdaşına çevirəcək. Çünki Azərbaycan müəyyən mənada BRİKS ilə bir sıra ərəb və müsəlman ölkələri arasında körpü rolunu oynamaq imkanına malikdir. Ona görə də BRİKS həm də ərəb və islam dünyası ilə münasibətlərin daha yüksək səviyyədə təşəkkül tapması üçün Azərbaycanın potensialını yüksək dəyərləndirir.

Prezident İlham Əliyev öz çıxışında Bakının ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacağından böyük qürur hissi duyduğunu ifadə edib: “Növbəti ayda təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

BRICS-in Kazan Sammiti həm də Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların çağırışları fonunda ortaya qoyduğu sülh gündəliyinin və təşəbbüslərinin dəqiq konturlarını ifadə etmək, dünya ictimaiyyətinə özünün sülhsevər siyasətini, bölgənin lider dövləti olaraq Azərbaycan-Ermənistan münasibətlərinin sivil məcraya yönəldilməsinə mühüm töhvələr vermək niyyətini nümayiş etdirmək baxımından da əlamətdar hadisədir. Sammit əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin ətraflı müzakirəsi, tərəflərin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatların verilməsi onu deməyə əsas verir ki, Azərbaycanın və onun qalib Liderinin sülh naminə ortaya qoyduğu “yol xəritəsi” reallaşmağa doğru yeni və daha mühüm mərhələyə qədəm qoyub.