Xəbərlər
Yenidənqurma və inkişaf yollarında
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
2020-cü ildə baş verən 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri də Qubadlı şəhərinin işğaldan azad edilməsidir. Daha əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız Qubadlıda da peşəkarcasına düşməni məhv etdi. Xalqımız bu uğurları böyük qürur və iftixar hissi ilə qarşılayırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız böyük hörmət və ehtiramla yad edilir.
Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən ağrılı səhifələrindən biri idi. İşğal dövründə Qubadlı rayonu digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Həmçinin bu ərazilərdə ekoloji terror həyata keçirilib, bununla da rayona külli miqdarda maddi ziyan dəyib.
Zəfər yürüşünün 29-cu günündə - oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ordumuzun döyüş cəbhələrində yeni qələbələrinin təməlini qoydu. Şəhərdə ermənilər güclü müdafiə istehkamları qurmuşdular, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşdirlmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında şanlı ordumuz strateji əhəmiyyətli uğurlar qazandı.
Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır. Rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin, rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il dekabrın 23-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, dövlət başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır.
Bütün azad edilmiş bölgələrimiz kimi, hazırda Qubadlı rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Azad edilmiş torpaqlarımızda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Bütün bunlar keçmiş köçkünlərin çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamalarına imkan verəcək.
Ermənistan dövləti vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi, Qubadlıda törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaq. Onlar Cenevrə konvensiyalarına zidd olaraq torpaqlarımızda qanunsuz məskunlaşma aparıblar.
Bəli, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Bu Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olunub. Azərbaycan xalqı bu unudulmaz tarixi qürurla qeyd edir.