YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 oktyabr 2003-cü il: Qələbəyə aparan yolun başlanğıcı

“15 oktyabr 2003-cü il Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 21 il öncə xalq öz gələcəyini – inkişafını, təhlükəsizliyini, Zəfərini təmin etmək üçün cənab İlham Əliyevə etimad göstərdi. O, dünya liderləri sırasında xalqa verdiyi bütün vədləri yerinə yetirən nadir siyasi xadimlərdən biridir.  Ölkə iqtisadiyyatında dinamik inkişaf, geniş enerji islahatları, əhalinin sosial təminatının gücləndirilməsi, vətəndaş məmnunluğunun əldə olunması yürüdülən düzgün strategiya əsasında mümkün olub. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqenin möhkəmləndirilməsini stimullaşdırdı. Görülən ölçüyəgəlməz fəaliyyətlərin əsas hədəfi, heç şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. İlk dəfə prezident seçilməsindən 17 il sonra Ali Baş Komandan kimi Qarabağda və Şərqi Zəngəzurda parlaq Zəfər əldə edən cənab İlham Əliyev 20 il sonra Xankəndidə üçrəngli bayrağı ucaltmaqla möhtəşəmn Qələbəni tamamladı. Əldə olunan nailiyyətlər xalqımızın 21 il öncə doğru seçim etdiyinin təsdiqidir”.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, 2023-cü il 15 oktyabrda Xankəndidə bayrağımızın ucaldılması cənab İlham Əliyevin möhtəşəm uğurlarının təntənəsi idi: “Dövlət başçımızın qeyd etdiyi kimi, prezident seçilərkən bayrağımızın işğal altında olan bütün ərazilərimizdə dalğalanmasını vəzifə borcu hesab edirdi. Ali Baş Komandanın bu borcu yerinə yetirəcəyinə Ulu Öndər Heydər Əliyev hər kəsdən çox inanırdı. Dahi Lider “İnanıram ki, mənim tamamlaya bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq” ifadəsində məhz işğal altındakı torpaqlarımızın azad edilməsini nəzərdə tuturdu. Cənab İlham Əliyev həm ata vəsiyyətini, həm də xalqa vədini yüksək səviyyədə yerinə yetirdi. Bu gün bizim qarşımızda digər vəzifələr, missiyalar dayanır. Azərbaycan dövləti qələbəmizin möhkəmləndirilməsi, ölkəmizin daha da inkişaf etməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsi, həmçinin bütün bölgələrdə quruculuq işləri aparılması, yeni iş yerlərinin açılması və ölkəmizə qarşı təzyiqlərin aradan qaldırması kimi məsələləri yeni hədəflər kimi qarşıya qoyub. Aydındır ki, torpaqlarımızın işğal altında olması, qaçqın və məcburi köçkün problemləri ümumi inkişaf tempimizi zəiflədirdi. Bu gün bu maneələr, problemlər aradan qalxıb. Tarixi Zəfərimizin həyatımıza müsbət təsiri göz önündədir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri on minlərlə yeni işlərinin açılmasına, iqtisadi inkişafa səbəb olub. İşğaldan azad olunan ərazilərə yatırılan investisiyaların, yaradılan sənaye və kənd təsərrüfatı müəssisələrinin iqtisadi faydasını yaxın illərdə daha da aydın hissə edəcəyik. Azad edilmiş ərazilərin iqtisadi artımda payı ildən-ilə artacaqdır. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü düzgün strategiyanın nəticəsidir”.

Tahir Mirkişili onu da bildirib ki, Azərbaycan ötən müddət ərzində öz resurslarına arxalanaraq güclü iqtisadi sistem qurub: “Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik. İqtisadi müstəqilliyimiz beynəlxalq müstəvidə bizə böyük imkanlar qazandırır. Bunun nəticəsidir ki, dövlətimiz uğurla, ləyaqətlə müstəqil xarici siyasət yürüdür. Ölkə iqtisadiyyatı cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən islahatlar sayəsində keçid dövrünü başa vurdu. Bu, bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün oldu. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektorun payına düşürdüsə, indi bu rəqəm 80 faizdən çoxdur. Azərbaycan “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlib. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar ki, tamamilə yenidən quruldu.  Ölkəmizin tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi başa çatmaq üzrədir. Biz borc alan ölkədən donor ölkəyə çevrilmişik. Dövlət başçısının hər zaman vurğuladığı kimi, Azərbaycan valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir. Ölkəmiz müasir dövrün tələblərinə uyğun olaraq, bölgədə yeni iqtisadi fəaliyyət formalarının inkişafına təkan verir”. 

T.Mirkişili vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi də məhz cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir: "Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, xüsusilə də yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Bu istiqamətdə çox mühüm addımlar atılmaqdadır. Təbii ki, 15 oktyabr 2003-cü il Prezident seçkilərinin Azərbaycan tarixindəki rolu, cənab İlham Əliyevin 21 illik xidmətlərinin nəticələri barədə çox danışmaq olar. Düşünürəm ki, 21 il ərzində əldə olunan ən böyük qazanclarımızdan, uğurlarımızdan biri vətəndaş məmnunluğu, xalqın sevgisi və dəstəyidir. Bu gün Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşib. Dünyanın heç bir ölkəsində xalqlar ölkəmizdə olduğu qədər öz liderinə sadiq deyildir. Bu sevgi, bu dəstək yorulmaz fəaliyyətin, böyük zəhmətin, təmənnasız xidmətin nəticəsində mümkün olub”.