YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnvestorlar yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmindirlər

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan stabil iqtisadiyyatı, strateji coğrafi mövqeyi, azad iqtisadi zonaları və sənaye parkları ilə regional, qlobal səviyyədə etibarlı, əlverişli bir investisiya məkanı kimi dəyərləndirilir. Son illərdə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar investisiyaların cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Sentyabrın 26-da  Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə investisiya cəlbediciliyini qorumaq üçün zəruri olan addımlar, həmçinin imkanlar diqqətə çatdırıldı. Cənab İlham Əliyev bildirdi ki, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Beləliklə, bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində son 20 ildə 350 milyard  dollardan çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.

Əsas hədəflərdən biri budur ki, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Ölkə Prezidenti qeyd etdi ki, əsas prioritetlərdən biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.

Azərbaycanın yaşıl enerjiyə keçid prosesi diqqətdədir. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması dövrün əsas tələbləri sırasında yer alır. Bu reallığı xüsusi vurğulamalıyıq ki, Azərbaycanın 2024-cü ildə, “Yaşıl dünya naminə həmrəylik İli”ndə dünyanı Bakıya toplayan COP29 iqlim konfransına ev sahibliyi  beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində mövcud imkanlarının da göstəricisi kimi dəyərləndirildi. Bu tədbir iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qəbul edildi. Tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasında, sənədlərin imzalanmasında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə də bərpaolunan enerji məsələsinə daha çox diqqət yönəltdi. Həmçinin bu faktları da tədbir iştirakçılarına çatdırdı ki, Azərbaycan dünyada neftin hasil edildiyi ilk məkan olub, -o vaxt hələ müasir mənada ölkə deyildi. Biz ilk neft buruğunun xatirəsini qoruyub saxlayırıq. Bu, 1846-cı ildə baş verib, hətta Pensilvaniyadan da əvvəl. Əgər həmin vaxt Azərbaycan müstəqil olsaydı, bu gün vəziyyətin necə olacağını təsəvvür edə bilərsinizmi? Əgər 1920-ci ildə müstəqilliyimizi qoruya bilsəydik necə? Çünki 1918-ci ildə burada müsəlman dünyasında ilk demokratik respublika yaradılmışdı, lakin cəmi iki il mövcud oldu. Sonra müstəqilliyimiz əlimizdən alındı və biz yenidən böyük bir imperiyanın tərkibinə daxil olduq. Əgər həmin dövrdə müstəqil olsaydıq və öz sərvətlərimizin sahibi ola bilsəydik, bu gün Azərbaycanın necə bir ölkə olacağını təsəvvür edə bilərsinizmi?

O da bildirildi ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi.  Bu olmasaydı, İkinci Dünya müharibəsinin nəticəsi tamamilə fərqli ola bilərdi. Nasist ordusu nə üçün Qafqaz dağlarına qalxmaq istəyirdi, nə üçün? Sadəcə təlim xatirinəmi? Xeyr. Onlar Bakıya Bakı neftini ələ keçirmək üçün gəlirdilər. Əgər buna nail olsaydılar, sovet ordusunun yanacaq təchizatı tamamilə kəsiləcəkdi və bu, çox ağır nəticələrlə müharibənin taleyini dəyişə bilərdi.

Qısa təhlil bu qənaətə əsas verir ki, bu kimi tədbirlər hər bir ölkənin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Həm Azərbaycan, həm də tədbirin iştirakçısı olan ölkələrin malik olduqları imkanların, təcrübələrin təhlili fonunda ümumi yanaşmanı ortaya qoymaqla yanaşı, həm də dolğun məlumatların əldə edilməsi qarşıdakı dövrdə əməkdaşlığın yeni prioritetlər üzrə inkişafına stimul olacaq. Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi nüfuz qazanıb. Xarici iş adamlarına ölkə iqtisadiyyatına investisiyaların yatırılmasına çağırışların edilməsi bütün dövrlərdə öz aktuallığını qoruyur. Azərbaycan sabit, təhlükəsiz ölkədir. İnvestorlar yatırıcaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin ola bilərlər.

DİGƏR Xəbərlər Arxiv