YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB üzvlərini ortaq tarix və müasir çağırışlar birləşdirir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Balanslaşdırılmış xarici siyasət kursu yürüdən Azərbaycan bütün dövlətlərlə qarşılıqlı dostluğa və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz beynəlxalq və regional təşkilatlarla sıx münasibətlər quraraq milli maraqlarımızın təmin olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

Azərbaycan Respublikasının sıx əməkdaşlıq münasibətləri qurduğu təşkilatlardan biri də məhz Müstəqil Dövlətlər Birliyidir (MDB). Keçmiş Sovet İttifaqı məkanında yaradılan MDB-yə üzv dövlətləri ortaq tarix və müasir çağırışlar birləşdirir. Həmin dövlətlərin MDB-də uğurlu təmsilçiliyi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində baş tutub. Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlarımıza xidmət edir. 

Prezident İlham Əliyevin Moskva səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü geosiyasi kontekst çərçivəsində iki ölkə əlaqələrinin möhkəmliyini təsdiq etməklə yanaşı, həm də dövlətimizin MDB çərçivəsində mühüm regional aktor olduğunu nümayiş etdirir.

Rusiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün hər zaman mühüm məsələlərdən olub. Rusiya regionun ən böyük ölkəsidir. Azərbaycan bu ölkə ilə tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi çoxqütblü dünya nizamında xüsusi rol oynayır.

Son onilliklər ərzində Azərbaycan-Rusiya münasibətlərinin uğurunu təmin edən əsas amillərdən biri budur ki, ölkələrimiz arasında əlaqələr dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabər hüquqlu və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurularaq inkişaf etdirilir. Ona görə də bu dövlətlər arasında yaxın dostluq münasibətləri mövcuddur, dövlətlərarası dialoq yüksək səviyyədədir.

Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə, maraqların uzlaşdırılması və praqmatizmə əsaslanır. Həyata keçirilən birgə layihələrin başlıca məqsədi bərabər hüquqlu əməkdaşlıq müstəvisini genişləndirməkdir. Ən başlıcası isə, bu layihələr hər iki ölkənin milli maraqlarına xidmət edir. Hansı ki, bu maraqlar toqquşmur, əksinə, həm siyasi, həm də iqtisadi baxımdan bir çox məsələlərdə üst-üstə düşür.

Cari oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclası çıxış edən Prezident İlham Əliyev mühüm məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşa”lar, “Yak-3” qırıcıları istehsal edilirdi. 

Dövlət başçısı MDB-nin humanitar əməkdaşlıq mexanizmi kimi əhəmiyyətini diqqətə çatdıraraq, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini ayrıca vurğulaması xüsusi əhəmiyyət kəsb edir. Çünki Laçın uzunmüddətli erməni işğalından sonra sürətlə bərpa olunaraq, ölkəmizin inkişafının təzahürü kimi təşkilat daxilində Azərbaycana rəğbəti daha da artırıb.

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Ümumilikdə qeyd edə bilərik ki, MDB dövlətləri arasındakı səmimi dostluq və əməkdaşlıq münasibətləri məhz bir çox sahələr üzrə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə də öz layiqli töhfəsini verəcək.

Prezident İlham Əliyev iclasda qeyd edib ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Dövlət başçısı çıxışı zamanı istər Azərbaycanın uğurlarına sevinən, istərsə də ölkəmizin suverenliyini təmin etməsindən narahat olan dövlətlərə mesaj verdi.  Əminliklə demək olar ki, gələcəkdə MDB-nin rolunun daha da artacağı gözlənilir. Bu təşkilat regional inteqrasiya və iqtisadi əməkdaşlıq üçün mühüm platformaya çevrilmək potensialına malikdir. Qlobal geosiyasi mühitin dəyişməsi və MDB üzv ölkələrinin birgə maraqları onları daha sıx əməkdaşlığa təşviq edir.

Moskvada keçirilən bu iclas MDB-nin yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi sferalarda daha fəal rol oynayacağını göstərdi. Regional sabitlik və inkişaf naminə təşkilatın üzv ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək.