Xəbərlər
Hər bir xalqın mədəni irsi onun milli sərvətidir
Cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin ucaldılması Prezident İlham Əliyevin Sərəncamının icrası olaraq həyata keçirilmişdir. Bu Sərəncam dövlət başçısının həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir. Açılış zamanı çıxış edən cənab İlham Əliyev qeyd etdi ki, üç il əvvəl iki sərəncam imzalamışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. İkinci Sərəncamda isə sənətkarın abidəsinin ucaldılması qeyd edilirdi.
Prezident çıxışı edərkən Göyçə mahalından olan Aşıq Ələsgərin erməni vəhşiliyi nəticəsində doğma torpaqlarından didərgin salınması, ustad sənətkarın Vətəninə olan sevgi və həsrəti, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli mədəniyyət xadiminin 150 illiyinə həsr edilmiş abidənin ermənilər tərəfindən dağıdılması kimi mövzulara toxunmuşdur. “Qərbi Azərbaycanlı vətəndaşlarımız da qayıdışın sevincini yaşayacaq. Suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hissini, ümidləri daha da artırmışdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub-böyüdüyü, yazıb-yaratdığı Göyçə mahalının və bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması və bu bölgədən olan soydaşlarımızın 35 ildən artıqdır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır. Məhz heykəlin açılışındakı nitqində cənab İlham Əliyevin “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”, - sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır. Bir sözlə, Aşıq Ələsgərin abidəsinin ucaldılması Qərbi Azərbaycana, Göyçəyə, Ağkilsəyə qayıdışımıza inamımızın təcəssümüdür.
Bu abidənin açılışı, eyni zamanda, strateji bir məna da daşıyır. Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin milli həmrəyliyi gücləndirmək, Azərbaycan xalqının tarix və mədəniyyətinə olan bağlılığını ifadə etmək üçün vacib olduğunu bildirdi. Bu, xüsusilə, Azərbaycanın Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən bu bölgədə öz mədəniyyətini yaşatmış insanların irsinin silinməsinə yönəlmiş cəhdlərə qarşı bir cavabdır.
Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il ötəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Bu abidənin açılışı təkcə Aşıq Ələsgərin xatirəsini yaşatmaq deyil, həm də milli kimlik, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.