YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıl gözəlliklər diyarına çevriləcək

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Erməni separatçılarının Azərbaycana olan torpaq iddiaları və Ermənistanın hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi dövründə Qarabağ və Şərqi Zəngəzur bir-birinin ardınca işğal olundu. 1993-cü il avqustun 23-də işğal edilən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 27 il ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Cəbrayılın bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilib.

İşğala son qoymaq üçün görülən hazırlıqlar bizi addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsi idi. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı şanlı ordumuzun əks-hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı, Cəbrayıl bütövlükdə azad edildi.

Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr və qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsini rəsmiləşdirən üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyev azad Cəbrayıldan beynəlxalq ictimaiyyətə bəyan etdi ki, biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq: “Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın”.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin, məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

DİGƏR Xəbərlər Arxiv