Xəbərlər
Azərbaycan Avstriyaya ixrac etdiyi kənd təsərrüfatı məhsullarının çeşidini artırmaqda maraqlıdır
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb.
Nazirlikdən bildirilib ki, Şahin Mustafayev Azərbaycan və Avstriya arasında siyasi-iqtisadi əlaqələrin uğurla davam etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi əhəmiyyətini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiya fəaliyyət göstərir, lazımi hüquqi baza formalaşıb, ticarət əlaqələri inkişaf edir. Hazırda bir sıra Avstriya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, yüksək texnologiyalar, kimya, əczaçılıq, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur. Belə ki, Azərbaycan Avstriyaya ixrac etdiyi məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının çeşidini artırmaqda maraqlıdır. Avstriya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarındakı əlverişli imkanlardan istifadə edə bilərlər.
Səfir Aksel Vex ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, alternativ enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb. Məlumat verilib ki, bu ilin oktyabrında rəsmi şəxslərdən və iş adamlarından ibarət Avstriya nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfir avstriyalı iş adamlarının müvafiq sahələrdə fəaliyyət göstərən azərbaycanlı sahibkarlarla əməkdaşlığa önəm verdiyini vurğulayaraq bildirilib ki, hazırda Bakıda bir sıra layihələrin icrasında iştirak edən Avstriya şirkətləri Azərbaycanın regionlarına da maraq göstərirlər.
Azərbaycan və Avstriya arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.