Xəbərlər
Heydər Əliyev ideyalarının işığında
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Tarixin sınaqlarından uğurla çıxmaq heç də hər xalqa nəsib olmur. Keçən əsrin 90-cı illərində sanki qoca tarix Azərbaycan xalqını sınağa çəkirdi. Yenicə əldə etdiyimiz suverenliyimiz itirilmək təhlükəsi ilə üz-üzə idi. Müstəqillik yollarında kövrək addımlarını atan respublikamıza səriştəsiz, şəxsi maraqları milli maraqlardan üstün tutan, idarəçilik bacarığı olmayan, dövlətçilik maraqlarımızı dərk edə bilməyən şəxslərin rəhbərlik etməsi vəziyyəti böhran həddinə çatdırmışdı. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun yalnız hakimiyyəti əldə saxlamağı düşünərək xalqımızı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədəki vəziyyət faciə həddinə çatdırılmış və günahsız insanların həlak olmasına şərait yaradılmışdı. Yurdunu, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı çox gözəl anlayırdı ki, xalqımızı, dövlətçiliyimizi bu çətin vəziyyətdən ancaq və ancaq böyük siyasi təcrübəyə, yüksək idarəçilik, fenomenal liderlik bacarığına malik olan dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev xilas edə bilər.
Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi məhv olmaqdan və parçalanmaqdan xilas etdi. “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir” deyən – Ulu Öndərimiz öz adını Azərbaycan tarixinə qızıl hərflərlə, Vətənin və xalqın xilaskarı kimi yazdı. Bütün varlığı ilə ürəkdən öz xalqına və öz dövlətinə bağlı olan Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik. Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.
Ulu Öndər Heydər Əliyev həm də Azərbaycançılıq ideologiyasının banisidir. Çünki Ümummilli Liderimiz gözəl bilirdi ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Milli ideologiyamız hər birimizin qürur mənbəyidir. Azərbaycan dünyəvi dövlətdir. Öz milli dəyərlərimiz və ənənələrimiz ilə bərabər, ümumbəşəri dəyərləri də qəbul edir, bu dəyərlərə də hörmətlə yanaşırıq.
Dünya miqyasında nüfuzu durmadan artan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və artıq regionun lider dövləti sayılan Azərbaycanın inkişaf yolu, tərəqqisi, nailiyyətləri, uğurları və qələbələri elə bütün dünyanın da diqqət mərkəzindədir. İstər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri ölkəmizin uğurlu inkişaf yolunu bəyənir, örnək hesab edir. Xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarının işığında Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara və qələbələrə doğru qətiyyətlə addımlayır.