Xəbərlər
Beynəlxalq etimadın göstəricisi
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycan Respublikası müstəqil inkişaf yolunda qarşıya çıxan böyük çətinlikləri aradan qaldırıb, dövlət və cəmiyyət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb. Azərbaycanın davamlı inkişafı yeni-yeni hədəflərə yol açır. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkəmiz qarşısında yeni üfüqlər açmış, Vətən müharibəsinin başa çatması ilə regionda yeni iqtisadi imkanlar yaranmışdır. Vətən müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi, beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi. Belə ki, bir çox dünya xalqları əzmkar Azərbaycan xalqının gücünü bir daha gördü, biz özümüzü bütün dünyaya qəbul etdirə bildik.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və fədakarlığı sayəsində əzəli torpaqlarımızın 30 illik işğaldan azad olunması milli tariximizdə yeni səhifə açıb. Erməni işğalından azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, məcburi köçkünlərin yurd həsrətinə son qoyulur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunduqdan sonra dövlətimizin tarixində bir çox böyük əhəmiyyət daşıyan hadisələr baş vermişdir. Bunlardan cari ilin fevral ayında azad edilmiş doğma torpaqlarımız da daxil olmaqla, bütöv Azərbaycan ərazisində keçirilmiş Prezident seçkilərini və bu ilin sentyabr ayında baş tutan növbədənkənar Milli Məclisə seçkiləri xüsusilə vurğulmaq lazımdır.
Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizin uğurlarından və qarşısında dayanan vəzifələrdən geniş bəhs etdi. “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”, - söyləyən İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. Otuz ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və nəticələr göz qabağındadır.
Prezident İlham Əliyevin çıxışındakı əsas məqamlardan biri də Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onun əcnəbi havadarlarının qızışdırıcı bəyanatları ilə bağlıdır. Prezident bildirib ki, bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər.
Eyni zamanda Prezident İlham Əliyev ATƏT-in Minsk qrupuna da toxunub. Bildirib ki, bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupu bu illər ərzində heç bir qaneedici fəaliyyətlə məşğul olmayıb.
Prezident İlham Əliyev çıxışında dövlətimizin qarşısında duran mühüm vəzifələrdən də bəhs etmiş, Qarabağ müharibəsi və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq, müasir dünyada gedən proseslərin, yeni münaqişə, müharibə ocaqlarının yaranmasının, regionda gərginliyin artmasının, eyni zamanda Ermənistanda revanşizm meyilli qüvvələrin fəallaşmasının bizi hərbi sahəyə xüsusi diqqət yetirməyə vadar etdiyini vurğulamışdır.
Prezident digər tərəfdən Qarabağı və Şərqi Zəngəzuru bərpa etməyin, burada həyatı yenidən canlandırmağın, yerli insanların təhlükəsiz şəraitdə yaşamasını təmin etməyin də ölkəmizin qarşısında duran prioritet məsələlərdən biri olduğunu qeyd etmişdir.
Azərbaycan daim sabitlik, əməkdaşlıq məkanı kimi tanınır, nüfuz qazanır. Hazırda yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan ənənəvi tərəfdaşları, dostları ilə əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirir. Həmçinin yeni yaranan imkanlardan istifadə edərək əməkdaşlığın coğrafiyasını genişləndirməyə səy göstərir. Ölkəmizin ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlarda əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz qabağındadır. Bunların ümumiləşdirilmiş ifadəsi olaraq ölkəmizin yaxın zamanlarda mötəbər tədbirə - COP29-a ev sahibliyini qeyd edə bilərik. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu, hörmətini göstərən vacib amildir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsində sabitlik diyarı, təhlükəsiz ölkə kimi nüfuz qazanması da böyük rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər.