YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm uğurlara imza atacağıq

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycan dövləti qarşısında yeni imkanlar, yeni perspektivlər açır. Biz İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və artıq əldə edilmiş nəticələr də göz qabağındadır. Son üç-dörd il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Müəyyən Qərb dairələrinin ölkəmizə münasibətdə “ikili standartlar” mövqeyindən yanaşmaları belə xalqımızın və dövlətimizin iradəsini sarsıda bilməz.

İkinci Qarabağ müharibəsinin yekunlarından lazımi nəticələr çıxarmayan Ermənistanda zaman-zaman revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti də bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Buna görə də Azərbaycan dövləti qarşısında dayanan mühüm vəzifələrdən biri hərbi qüdrətimizin daha da artırılmasıdır. Müasir dünyada gedən proseslər, yeni müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.

23 sentyabr 2024-cü il tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş nitq söyləyən Prezident İlham Əliyev öz çıxışında dövlətimizin qazandığı uğurlar və qarşıda dayanan vəzifələrlə bağlı ətraflı təhlillər apardı. Dövlət başçısı qeyd etdi ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Yeni Komando Qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artacaq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Biz xarici mənbələrdən daha az asılı olmalıyıq.

200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərar əsasında COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Qalib Azərbaycan dövləti və müdrik xalqımız bundan sonrada Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ neçə-neçə möhtəşəm uğurlara, qələbələrə imza atacaq. Biz buna tam əminik.