YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi Azərbaycanın gücünün bütün dünyaya nümayişi idi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

2020-ci il sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin Tovuz döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdirməyə davam etdi. 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularımızla yanaşı, 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak oldu. Nəhayət, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi. 44 gün ərzində şanlı ordumuz Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri geri qaytardı. Bu müharibədə ordumuzun gücünün, xalq-iqtidar birliyinin təntənəsi idi. Azərbaycan xalqı böyük birlik, vəhdət nümayiş etdirdi. O zaman minlərlə gənc könüllü ordu sıralarına yazılmaq üçün müraciət etmişdi. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən Azərbaycan xalqının yalnız bir amalı, torpaqlarımızı işğaldan azad etmək, şanlı bayrağımızı Şuşada, Xankəndidə və digər işğal altında olan ərazilərimizdə dalğalandırmaq məramı var idi.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilmədi.

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Şəhidlərimizin qəhrəmanlığı gənclər üçün hər zaman örnək olub, bundan sonra da belə olacaqdır. Zaman ötəcək, torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün hər zaman ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin müqəddəs borcudur.