YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü"nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Əlifbadan Zəfərə: Ana Dili İrsimiz” adlı tədbir keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi irsinin və dövlət müstəqilliyinin əsas rəmzlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi dövlətin ana dilinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Hüseyn Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin saflığının qorunması, inkişafı və təbliği istiqamətində həyata keçirilən siyasətin uğurla davam etdirildiyini vurğulayaraq Mərkəzi Elmi Kitabxananın da bu sahədə mühüm fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ana dilinin milli dövlətçilik ənənələrinin və milli həmrəyliyin əsas sütunlarından biri olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev sovet dövrünün mürəkkəb siyasi şəraitində ana dilinin qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirərək 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində rəsmi nitqini Azərbaycan dilində söyləyib, 1978-ci il Azərbaycan SSR Konstitusiyasında isə Azərbaycan dilinin dövlət dili statusunun təsbit olunmasına nail olub.

Bəxtiyar Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. O, ana dilinin qorunmasının, düzgün tətbiqinin və gələcək nəsillərə saf şəkildə ötürülməsinin hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov dövlət dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli təfəkkürün, dövlət müstəqilliyinin və suverenliyin əsas göstəricilərindən biri olduğunu bildirib. O, qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini qeyd edərək dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Deputat, həmçinin rəqəmsal platformalarda və sosial mediada Azərbaycan dilinin normalarına riayət edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin zəngin lüğət tərkibinə və qədim dil ənənələrinə malik olduğunu bildirib. O qeyd edib ki, institutun əsas fəaliyyət istiqamətləri dilimizin tarixi inkişaf mərhələlərinin öyrənilməsi, terminologiyanın təkmilləşdirilməsi və orfoqrafiya normalarının inkişaf etdirilməsidir. Professor latın qrafikalı əlifbaya keçidin Azərbaycan dilinin fonetik xüsusiyyətlərinin daha dəqiq əks etdirilməsinə geniş imkan yaratdığını diqqətə çatdırıb. Eyni zamanda, kütləvi informasiya vasitələrində və rəqəmsal platformalarda dil normalarının qorunmasının vacibliyini vurğulayaraq yeni dialektoloji və izahlı lüğətlərin hazırlanmasının bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

AMEA Dilçilik İnstitutunun professoru Sayalı Sadıqova isə dövlət dilinin terminoloji bazasının zənginləşdirilməsi və elmi üslubun inkişafının müasir dilçiliyin əsas prioritetlərindən biri olduğunu qeyd edib. O bildirib ki, latın qrafikasına keçid Azərbaycanın beynəlxalq informasiya məkanına inteqrasiyasını sürətləndirib, elmi terminologiyanın müasir tələblərə uyğunlaşdırılması isə davamlı prosesdir. Professor elmi ədəbiyyatda vahid terminoloji standartların tətbiqinin vacibliyini vurğulayaraq gənc tədqiqatçıların bu istiqamətdə fəaliyyətinin gələcək inkişaf üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv