Xəbərlər
“Böyük Qayıdış konsepsiyası və Azərbaycanın gələcək inkişaf strategiyası”
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Gəncə İdman Sarayında keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü günündə gənc fəallarla “Böyük Qayıdış konsepsiyası və Azərbaycanın gələcək inkişaf strategiyası” mövzusunda görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov, Milli Məclisin deputatı Ceyhun Məmmədov Böyük Qayıdış konsepsiyasının ölkəmizin gələcək inkişaf strategiyasındakı mühüm rolundan, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar.
Çıxışlarda bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma standartlarına uyğun olaraq yenidən qurulur, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qaydışı uğurla təmin edilir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin və inkişaf strategiyasının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rolu xüsusi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə tarixi nailiyyətlər əldə edib. Azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələri, infrastruktur yenilikləri və ekoloji addımlar Böyük Qayıdışı sürətləndirən əsas amillərdəndir.
Tədbirdə gənclərin qayıdış prosesində rolu, onların innovativ ideyalarının və təşəbbüslərinin işğaldan azad edilmiş ərazilərin bərpasında tətbiqi məsələləri də diqqət mərkəzində saxlanılıb. Natiqlər vurğulayıblar ki, müasir Azərbaycan gəncliyi dövlət müstəqilliyinin, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında aparıcı qüvvədir.
Həmçinin, Vətən müharibəsində qazanılan tarixi Zəfərin gənclərdə milli qürur və vətənpərvərlik hisslərini daha da yüksəltdiyi, “Heydər Əliyev məktəbi”nin bu dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığı bəyan edilib. Vurğulanıb ki, qazanılan tarixi Zəfəri qorumaq, onu gələcək nəsillərə ötürmək və azad edilmiş ərazilərimizdə aparılan nəhəng quruculuq prosesində, Böyük Qayıdış Proqramında fəal iştirak etmək YAP gənclərinin başlıca ideoloji və vətəndaşlıq borcudur.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan gəncliyinin milli qürur, vətənpərvərlik və mütəşəkkillik ruhunu daha da yüksəldib. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, bu bölgələrin sosial-iqtisadi potensialının reallaşdırılması istiqamətində gənclərin fəallığı xüsusi əhəmiyyət kəsb edir.
Məruzəçilər bildiriblər ki, Heydər Əliyev ideyalarına sadiq qalan gənclərimiz dövlətin siyasi-iqtisadi və mədəni inkişafında mühüm önəm kəsb edir və bundan sonra da Böyük Qayıdış prosesinə öz dəyərli töhfələrini verməyə davam edəcəklər.
Görüşdə gənc fəallardan Hüseyn Qasımov, Zinyət Süleymanova, Cəmilə Hüseynova, Altay Cəfərli və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Daha sonra yay məktəbinin proqramına uyğun olaraq gənclərin praktiki bacarıqlarını, komanda işini və strateji düşüncəsini inkişaf etdirən növbəti maraqlı fəaliyyətlərə start verilib. İlk olaraq layihə iştirakçıları arasında “Mənim xəyalımdakı ağıllı kənd” mövzusunda Yaradıcılıq Atelyesi (Workshop) müsabiqəsi təşkil olunub. Müsabiqə çərçivəsində gənclər komandalara bölünərək işğaldan azad edilmiş ərazilərdə tətbiq olunacaq müasir texnologiyalar, ekoloji təmiz enerji mənbələri və “ağıllı altyapı” sistemləri ilə bağlı öz innovativ layihələrini və təqdimatlarını hazırlayıblar. Layihə iştirakçıları gənclərin strateji təfəkkürünü gücləndirən interaktiv şəbəkələşmə oyunlarında və intellektual yarışlarda fəal iştirak ediblər, komanda ruhunun möhkəmləndirilməsi məqsədilə idman yarışları təşkil olunub.
