YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər yolunun başlanğıcı...

Samir Vəliyev

Milli Məclisin deputatı

27 sentyabr Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunub. Çünki məhz dörd il öncə bu tarixdə Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulması üçün Vətən müharibəsi başlayıb. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı ordumuz tərəfindən başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin il  sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin elan olunması, eləcə də qismən hərbi səfərbərliyin elan olunması müasir dövrün unudulmaz hadisələridir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımız yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun sayəsində yaşayırıq. Məhz onların qanı-canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq.

Prezident İlham Əliyev 27 sentyabr tarixini Azərbaycanda Anım Günü elan edib. Bu, şəhidlərimizə olan böyük ehtiramın nümunəsidir. 44 günlük Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi nəticəsində erməni işğalına son qoyuldu. 2020-ci il noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Nikol Paşinyanın Azərbaycanın tarixi Qələbəsi nəticəsində üçtərəfli Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu.

Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. Ərazi bütövlüyünü tam təmin edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənir.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Qarabağın incisi olan Şuşada görülən işlər hər kəsə məlumdur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərinin aparılması Böyük Qayıdışın prosesinin qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir.

Bütövlükdə, qazandığımız qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı, cəmiyyəti Ali Baş Komandan İlham Əliyevlə və şanlı ordumuzla sıx birlik nümayiş etdirdi. Bu amil bizim qələbəmizdə çox mühüm rol oynadı. Hörmətli Prezidentin dediyi kimi, heç bir qüvvə bizim qarşımızda dayana bilməz və belə də oldu.

Azərbaycan Ordusunun ötən ilin sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdalara qayıdır. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək. Şübhəsiz ki, qüdrətli Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə qarşıdakı hədəflərə də nail olacaq.

DİGƏR Xəbərlər Arxiv