YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər birimizin ürəyi böyük qürur və sevinc hissi ilə doludur

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Azərbaycan Ordusu dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda 44 günlük  Vətən müharibəsində hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bu müddətdə bir gün belə geriyə addım atmamışıq. Bir nəfər də olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.

İndi biz bir millət olaraq çox qürurluyuq. Zaman-zaman itirilən torpaqlar Prezident İlham Əliyevin parlaq zəkası, siyasi iradəsi və Azərbaycan Ordusunun gücü ilə geri qaytarıldı. Azərbaycanın dövlət suverenliyi tam təmin edildi.

Cənab İlham Əliyevin vurğuladığı kimi, sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız və məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Bu sözləri Ali Baş Komandının dilindən ən səmimi və sadə formada eşitmək hər bir vətəndaş üçün böyük sevinc və qürurdur.

Bu günlərdə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycan xalqına növbəti Zəfər töhfəsidir. Əzəli yurdumuz olan Qarabağda elmə və təhsilə hər zaman xüsusi qayğı göstərilib, bu sahə daim diqqətdə saxlanılıb. Bölgənin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yenidən qurulan bu ali təhsil ocağı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının daha bir bariz nümunəsidir.

1969-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən və ərazilərimizin işğalı zamanı fəaliyyətini dayandıran bu ali təhsil ocağının şanlı Zəfər tariximizdən sonra Qarabağda ilk universitet olaraq yenidən qurulması mühüm sosial-siyasi əhəmiyyət daşımaqla yanaşı, tarixi ədalətin bərqərar olunması baxımından böyük mənəvi dəyərə malikdir. Bu mənada, deyə bilərik ki, Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdış” prosesinin sürətlənməsində də əhəmiyyətli rol oynayacaq.