Xəbərlər
Xalqımıza növbəti Zəfər töhfəsi

Mansur Quliyev
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və şanlı Azərbaycan Ordusunun sücaəti, qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən müharibəsi zamanı doğma torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.
Qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Eyni zamanda qeyd etmək lazımdır ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Bu müharibə xalqımızın milli həmrəyliyini, öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayişi etdirdi. Hərbi əməliyyatlar dövlətçilik tariximizdə, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı.
Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çünki bu gün Azərbaycan sözün əsl mənasında həm beynəlxalq aləmdə, həm də regionda böyün nüfuza sahib olan bir dövlətdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Dövlət Suverenliyi Günü - 20 sentyabr 2024-cü il tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı və bu ali təhsil ocağının müəllim heyəti və tələbələrlə görüşü zamanı səsləndirdiyi fikirlər hər birimizi bir daha qürurlandırdı. Dövlət başçısı çıxışı zamanı bildirdi ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və ötən ilin noyabr ayında bununla bağlı müvafiq Sərəncam imzalandı. Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina Sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı.
Tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni uğurlara və qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilib.