YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq milli gələcək naminə

Rüstəm Nağıyev

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri

Vətənpərvərlik ruhu güclü olan yerdə inam itmir. Gec də olsa, həqiqət ortaya çıxır, ədalət yerini tapır. Elə 44 günlük Vətən müharibəsi və ötən il keçirilən antiterror əməliyyatları da bunu sübut etdi. Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında çıxışı zamanı bu məsələləri xüsusi vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, inam heç vaxt qırılmamalıdır: “Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir”.

Məhz Azərbaycanın qələbələrinin təməlində bu gerçəkliklər durur. Özünə inanan xalq hər çətinlikdən çıxa bilir. Köklü və tarixi ənənələri olan dövlət kimi hər zaman var olur. Bununla yanaşı, cəmiyyətdə olan birlik də böyük rol oynayır və bu da bizdə var. 44 günlük müharibə bunu sübut etdi. Hətta bu birlik dünya ictimaiyyətinin də diqqətini cəlb etdi. Əsas məsələlərdən biri də gəncliyin vətənpərvər ruhda tərbiyə olmasıdır ki, bu da kifayət qədər bizə müharibə və antiterror əməliyyatları zamanı başucalığı gətirdi. Məlumdur ki, bu cür gəncliyin yetişməsində ailənin rolu nə qədər böyükdürsə, orta məktəbin, ali təhsil ocaqlarının rolu da bir o qədər önəmlidir. Təhsil müəssisələri həm də hərtərəfli yetişən gənclər hazırlamalıdır. Onlar mili ruhda tərbiyə edilməli, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.

Təbii ki, Qarabağ Universitetində də belə olacaq. Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti öndə gedən təhsil ocaqlarından birinə çevriləcək. Bu bölgədə ayrıca bir dövlət statuslu ali təhsil müəssisəsinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir. Təhsil həmişə dövlətçilik siyasətinin təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var. Dövlətçiliyə dəstək, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, tədrisin keyfiyyəti məsələləri mühüm əhəmiyyət daşıyır. Qarabağ Universiteti Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük universitetlərindən biri kimi tanınacaq. Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması həm də işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. 1992-cü ilin fevral ayında erməni faşistlərinin yer üzündən sildiyi, dinc sakinlərini kütləvi surətdə işgəncələrlə məhv etdiyi Xocalının 10 kilometrliyində Qarabağ Universitetinin yaradılması soyqırımı qurbanlarının intiqamının alındığının daha bir önəmli göstəricisidir. Hazırda ölkəmizin bütün bölgələrindən olan ümumilikdə 1200 tələbə bu ali məktəbdə təhsil alır. Bu sözün həqiqi mənasında böyük tarixi uğurdur və Qarabağda təhsilin parlaq gələcəyindən xəbər verir.