Xəbərlər
Ermənistan reallıqda prosesləri manipulyasiya predmetinə çevirib
“Azərbaycanın 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar Cənubi Qafqaz coğrafiyasında uzunmüddətli sabitlik, sülh və əməkdaşlıq üçün real zəmin yaradıb. Açılan fürsət pəncərələrini dəyərləndirməklə və imkanlardan səmərəli istifadə etməklə Azərbaycanla Ermənistan arasında başlayan tənzimləmə prosesini sürətləndirmək və məntiqi sonluğa çatdırmaq, beləliklə də, qarşılıqlı etimad mühiti formalaşdırmaq mümkündür. Qalib Azərbaycanda belə bir iradə var. Ölkəmiz bir qayda olaraq sülhə sadiqlik nümayiş etdirir və daim yeni təşəbbüslər irəli sürür. Lakin eyni fikirləri məğlub Ermənistan barəsində demək mümkün deyil”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, revanşizm mövqeyi sərgiləyən, Fransa, Hindistan, İran, ABŞ kimi dövlətlərdən öldürücü silahlar tədarük edən bu dövlət yeni müharibə hazırlıqları görür. Aydın şəkildə başa düşülür ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasında yer alan digər rəsmilər sözdə sülhə hazır olduqlarını bildirsələr də, reallıqda prosesləri manipulyasiya predmetinə çeviriblər. Ermənistanın sülh prosesində səmimi olmadığını baş nazir Nikol Paşinyanın İrəvan Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir. Paşinyan iddia edib ki, sülh müqaviləsinin 80 faizi artıq razılaşdırılıb, o cümlədən 13 maddə və iki maddə qismən razılaşdırılıb - onların hər biri iki cümlədən ibarətdir. Baş nazir sazişin razılaşdırılmış hissələrini imzalamağı və qalan bəndlər üzrə işi davam etdirməyi təklif edir. Erməni baş nazirin dedikləri real vəziyyətlə hər hansı bir bağlılığı olmayan absurd iddialardır. Erməni rəsmiləri otuz il ərzində işğalçılıq siyasətindən əl çəkməyən, regionu təhdidlərlə, müharibə riskləri ilə üz-üzə qoyan Ermənistanı indi dünyaya sülhpərvər qiyafədə təqdim etməyə çalışırlar. Halbuki, bu, belə deyil.
Deputatın sözlərinə görə, rəsmi Bakının bəyan etdiyi kimi, Paşinyanın həmin fikirləri “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli Üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır. Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Paşinyanın guya Azərbaycanın Müstəqillik haqqında Konstitusiya Aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə fikirlərinə gəlincə, iki dövlət arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci ildə qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.
“N.Paşınyan çıxışında regionda kommunikasiyaların açılması, hərbi əsirlər və digər məsələlərlə haqqında da absurd iddialar səsləndirib. Kommunikasiyaların açılması 10 noyabr Üçtərəfli Bəyanatına əsasən Ermənistanın üzərinə götürdüyü öhdəlikdir və sənəddə konkret müddəalar göstərilib. Lakin rəsmi İrəvan hələ də bu öhdəliyi yerinə yetirmir. Bundan əlavə, Ermənistan müharibə cinayətləri törətmiş separatçıların azad olunmasını istəyirsə, bu, baş verməyəcək. Onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Həmin cinayətkarları “hərbi əsir” kimi təqdim etmək cəhdi qəbulolunmazdır. Göründüyü kimi, belə yanaşmaları ilə Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir. Bu halda, bölgədə yeni gərginliklər baş verə bilər. Bu da ilk növbədə İrəvan üçün ciddi problemlər yaradacaq. Ona görə də, Ermənistan Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan şərtlərinə əməl edərək sülh sazişini imzalamalıdır”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.