YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının, Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, rayon Gənclər və İdman sektorunun və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Aprel döyüşlərinin ildönümündə şəhidlərimizin əziz xatirəsini yad etmək və xalqımızın şanlı Zəfər salnaməsini gənc nəslə çatdırmaq olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Aprel döyüşləri xalqımızın böyük Zəfərə gedən yolunun başlanğıcı və sarsılmaz iradəsinin rəmzidir. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Aprel döyüşləri zamanı düşmən təxribatının qarşısını qətiyyətlə alaraq mühüm strateji mövqeləri azad edib.

Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, eləcə də digər strateji istiqamətlər üzrə ərazilər nəzarətə götürülüb, ümumilikdə 2000 hektardan çox ərazi işğaldan azad edilib. Lələtəpə yüksəkliyinin azad olunması Cocuq Mərcanlı kəndində mülki əhalinin təhlükəsiz qayıdışını təmin edib və sonradan Böyük Qayıdış prosesinin başlanğıcına çevrilib.

Çıxışlarda həmçinin bildirilib ki, Aprel döyüşlərindən sonra ölkədə milli birlik daha da möhkəmlənib, bu birlik 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında mühüm rol oynayıb. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Vurğulanıb ki, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı Qarabağ və Şərqi Zəngəzurun bütün guşələrində qürurla dalğalanır, regionda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Tədbirdə Aprel döyüşçüləri Elmar Bayramov, Arzu Abdullayev və Vətən müharibəsi qazisi Ceyhun Əliyev çıxış edərək döyüş xatirələrini bölüşüblər.

Sonda Aprel döyüşlərinə həsr olunmuş “Şanlı Zəfərə gedən yolun başlanğıcı” adlı film nümayiş etdirilib.