Xəbərlər
“Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış”
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri və gəncləri “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar həyata keçirilən “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində Quba rayonunda partiyanın yerli təşkilatının dəstəyi ilə bir sıra tarixi-memarlıq abidələri ilə tanış olublar.
Quba rayonuna səfər zamanı könüllülər və gənclər əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Sonra 1894-cü ildə inşa edilmiş “Ərdəbil”, 1802-ci ildə inşa olunmuş “Cümə”, 1905-ci ildə tikilmiş “Hacı Cəfər” məscidləri, eləcə də XVIII-XIX əsrlərə aid edilən və Şərq memarlığının incilərindən sayılan Hündür Gümbəzli hamam, 1924-cü ildən müxtəlif adlarla fəaliyyət göstərən Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi, 1946-cı ildə salınmış Nizami parkı, “Qırx pilləkən”, inşası XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə təsadüf edən Şərq üslublu Tağlı körpü və “Qırmızı qəsəbə” ziyarət olunub.
Könüllülərin və gənclərin Azərbaycanın qədim bölgələrindən biri olan Qubanın tarixi abidələri ilə tanışlığı onlarda zəngin təəssürat yaradıb.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən işlərə töhfə məqsədilə YAP Nizami rayon təşkilatının “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi ilin sonuna qədər davam edəcək və bu müddət ərzində Azərbaycanın bir çox tarixi məkanları və abidələri ziyarət olunacaq.
