Xəbərlər
Azərbaycançılıq ideologiyasının banisi
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyaraq yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın yaratdığı reallıqlardan bəhs edirik. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə hazırkı inkişaf səviyyəsinə necə gəlib çıxdığını görməklə yanaşı, həmin reallıqları indiki və gələcək nəsillərə çatdırmaq əsas çağırış kimi qarşımızdadır. Ümumilikdə dahi şəxsiyyət Heydər Əliyev daim Vətən, torpaq, xalq sevgisi ilə Azərbaycanın bu günü və gələcəyi üçün mühüm addımlar atmış, möhkəm təməl yaratmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövrü də mühüm addımlarla zəngindir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə yol açıb. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsi, liderlik bacarığı əsasında Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 20 ildən artıq dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla söylədiyi bu fikirlər artıq reallıqdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.”
Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızda üçrəngli Bayrağımız qürurla dalğalanır, bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdır. Heydər Əliyev siyasəti Azərbaycanı daim Zəfərlərə aparır.