Xəbərlər
Gəncədə “Heydər Əliyev Məktəbi” layihəsinə start verilib
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ümummilli Lider Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə “Heydər Əliyev Məktəbi” adlı layihəyə start verilib.
Layihədə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət Mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər iştirak edir.
On seminardan ibarət olacaq layihənin ilk seminarı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tərəfindən keçirilib. “Heydər Əliyev və dövlət idarəçiliyi sistemi” mövzusunda çıxış edən A.Tağıyev bildirib ki, Azərbaycanda demokratik prinsiplərə söykənən, milli maraqların təmin olunmasına yönəlmiş və sosial ədalətin təmin olunmasını əsas tutan dövlət idarəetmə sisteminin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O vurğulayıb ki, Heydər Əliyevin ali siyasi hakimiyyətə gəlməsi ilə səmərəli dövlət idarəçiliyinin bütün zəruri əsasları formalaşdırılıb və dövlət idarəçiliyində normativ-hüquqi bazanın yaradılması səmərəli islahatların əsasını təşkil edib.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov isə “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edərək qeyd edib ki, Ulu Öndər tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin həyatında köklü dəyişikliklər edərək dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub. Bayram Aslanov əlavə edib ki, partiyanın fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlara dəstək verərək Heydər Əliyev ideallarına sədaqəti əks etdirir.
