YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük sabahlara gedən yol

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Həmin gün Naxçıvandan başlanan müstəqillik yolu sonradan ölkə miqyasında davam etdirildi.

Dönə-dönə vurğulanmalıdır ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir.

Dahi Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, o dövrdə ölkədə hakimiyyətdə olan şəxslərin bacarıqsızlığı, şəxsi maraqların milli maraqları üstələməsi Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi. Torpaqlarımızın ard-arda işğal olunması, yaranmış gərgin ictimai-siyasi hadisələr 1993-cü il iyun ayının əvvəllərində özünün son həddinə çatdı. Hakimiyyət böhranı bütün ölkəni cənginə aldı. Artıq Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Məhz bundan sonra qısa zaman ərzində Azərbaycan mühüm nailiyyətlər qazandı. Ölkədə baş alıb gedən hərc-mərclik və anarxiya aradan qaldırıldı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.

Sevindirici haldır ki, bu gün Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir, yeni-yeni nailiyyətlərə imza atır. Bu uğurların zirvə nöqtəsi isə 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi – Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərqərar olunmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını, üçrəngli dövlət bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir. Qazanılan tarixi zəfərlər “Biz heç vaxt ərazimizin bir qarışının belə heç kəsə verilməsinə razı olmayacağıq. İşğal olunmuş torpaqlarımız nəyin bahasına olursa-olsun, azad ediləcək, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq”, – deyən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçməsinin təsdiqi idi.

Bu uğurların başğanğıcı məhz 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulmuşdu. Heydər Əliyev ideyaları bütövlükdə, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sabahlara gedən yollarına gur işıq salır. Allah Ulu Öndərə rəhmət eləsin! Ümummilli Liderin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.