Xəbərlər
Müasir tariximizin parlaq salnaməsi
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Azərbaycanın intibahı və milli şüurun oyanışı, müstəqil dövlətimizin ən yeni tarixi məhz dahi Lider– Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək, ictimai şüurlardakı qorxunu aradan qaldıraraq müasir tariximizin ən şanlı və parlaq salnaməsini yazıb. Dahi şəxsiyyət müdrik, uzaqgörən fəaliyyəti ilə inqilabi dəyişiklik yaradaraq ölkəmizin çoxəsrlik dövlətçilik tarixində milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrünün bünövrəsini qoyub. Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi isə Azərbaycanın müstəqillik yolunun əsasını yaratdı. 1991-ci il sentyabrın 3-ü Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü oldu.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev qanlı 20 Yanvar qətliamından sonra Moskvadan Bakıya qayıtdı. Təəssüflər olsun ki, həmin dövrdə doğma Vətəndə dahi şəxsiyyətə qarşı törədilən ciddi maneələrdən sonra Ümummilli Lider Naxçıvana üz tutdu. Ulu Öndər 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və 1993-cü ilədək bu vəzifədə çalışdı. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Sovetində təmsil olunan xalqın ağsaqqalı və dahi şəxsiyyəti Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, mərkəzi qanunvericilik hakimiyyəti qarşısında milli rəmzlərimizin qəbul edilməsi üçün vəsatət qaldırılmışdı. 1991-ci ildə SSRİ-də yaranan vəziyyəti düzgün qiymətləndirməyən respublika rəhbərliyi bu məsələlərdə ciddi müqavimət göstərsə də, sonradan reallığı qəbul etməyə məcbur qaldı. Son nəticədə 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası baş tutdu.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Həmin vaxtlar Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən sessiyalarında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanırdı. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılması, ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilməsi, Azərbaycan dövlətinin bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılması müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Ömrünün hər anı ilə siyasi təqvimimizdə özünəməxsus yeri olan dahi şəxsiyyətin təkidi və iradəsi ilə 1991-ci ildə Naxçıvan Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etmədi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Siyasi aləmdə hər addımı Ulu Öndərin xalqına, millətinə nə qədər bağlı olduğunu sübut edir.