Xəbərlər
Ulu öndər Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir
Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü
Müasir, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər Dahi Liderin böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.
Naxçıvan Ali Məclisinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Bu sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. 1991-ci ilin sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycanın müstəqillik yolunun təməli qoyuldu, böyük təcrübəyə malik olan müdrik siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıldı.
Həmin dövrdə Naxçıvan blokada vəziyyətində olsa da, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Digər tərəfdən, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar formalaşdırıldı. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Naxçıvan Muxtar Respublikasının qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. O zaman Dahi Liderin dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Sonrakı dövrdə Ulu Öndərin xalqın təkidli tələbi ilə Bakıya gəlməsi nəticəsində dövlət müstəqilliyimiz möhkəmləndirildi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl fəaliyyətə yol açıldı.
Bu istiqamətdə məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Ümummilli Lider Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf siyasətinin ən böyük uğurlarından biri də başlanan işlərin uğurla davam etdirilməsidir. Daha dəqiq desək, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Ulu Öndər tərəfindən bütün sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirdi. Bu siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Hazırda müstəqil ölkəmiz yüksəlişinin zirvəsindədir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir.