YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Bu fikri daim böyük inam və qürur hissi ilə qeyd edirik ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü, eyni zamanda, siyasi fəaliyyətinin Naxçıvan mərhələsi dövlətə, xalqa xidmət nümunəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. O illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövrü müstəqilliyimizin xilası ilə xarakterizə edilir. Belə ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi də görülən misilsiz işlərlə daim diqqətdədir. Belə ki, Məhz həmin illər Onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Reallıq budur ki, görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə yol  açdı.

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilikdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu xidmətləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzudur. İllər keçdikcə Onun Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin miqyası daha aydın görünür. Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışarkən 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi qeyd edilir.  Bu müraciət Azərbaycanın bugünkü reallıqlarının əsası oldu.  Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ümummilli Lider axıra çatdıra bilmədiyi işləri Onun həyata keçirəcəyini böyük əminliklə qeyd etdi. Dövlətimizin başçısı İlham Əliyev  Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı Zəfərdən zəfərə aparmaqla Onun inamını, etimadını doğrultdu. Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Ulu Öndər daim Azərbaycanı qalib, ərazi bütövlüyü bərpa edilən ölkə kimi görmək istədi. Yaratdığı möhkəm təməl, müəyyənləşdirdiyi inkişaf strategiyası bu uğurumuza yol açdı. Ümummilli Lider adını müstəqillik tariximizə müstəqilliyimizin, Onun layiqli davamçısı, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Bu gün qalibiyyət rəmzimiz olan üçrəngli Bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçlir, öz sakinlərinə qovuşur. Bundan böyük xoşbəxtlik nə ola bilər?  Xalqımız əmindir ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycanı daha möhtəşəm uğurlara aparacaq. Qalib, bütövləşən Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır və addımlayacaq.

DİGƏR Xəbərlər Arxiv