Xəbərlər
Seçki məntəqələrində yalnız müsbət hallarla qarşılaşdıq
Biz İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı olaraq seçkilərdə iştirak etdik. Ötən gün səhər və axşam saatlarında 16 seçki məntəqəsini gəzdik. Biz Mərkəzi Seçki Komissiyasının sədri, seçki dairələri və məntəqələrinin nümayəndələri ilə görüşdük. Heç bir problem yox idi. Çox şəffaf və tənzimlənmiş bir seçki prosesi keçdi.
Bu barədə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibinin müavini Əli Əsgər Məhəmməd Sijani deyib.
“Həmçinin məntəqələrdə seçki nəzarətçiləri işlərini çox səliqəli aparırdılar. Səsvermə qutuları şəffaf idi. Azərbaycan xalqını uğurlu və şəffaf seçkilər prosesi münasibətilə təbrik edirəm. Bu, böyük demokratiya üçün önəmli addımdır”, - deyə Əli Əsgər Məhəmməd Sijani bildirib.
İkinci Şəhidlər xiyabanını ziyarət etdiyini diqqətə çatdıran İƏT Pİ-nin Baş katibinin müavini deyib: “Orada yatanlar müsəlman torpaqlarının, məhz Qarabağ torpaqlarının işğaldan azad olunması yolunda həyatlarını itiriblər. Bu çox böyük şərəfdir”.
Bu günlərdə demokratik seçkilər uğrunda gərgin iş rejimində fəaliyyət göstərən jurnalistlərə təşəkkürünü bildirən qonaq onlara fəaliyyətində uğurlar arzulayıb.
İƏT Pİ-nın nümayəndəsi Mohammed əl-Hafed Maham həmkarının dediklərinə qatılaraq Azərbaycan xalqını seçkilər münasibətilə təbrik edib: “Biz səsvermə məntəqələrində yalnız müsbət hallarla qarşılaşdıq. İnsanlar çox səliqəli və sakit şəkildə seçki məntəqəsinə gəlib səs verirdilər. Bu şəffaf prosesin şahidi olduq. Demokratik seçkilərin uğurla yekunlaşmağı münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.