YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İki qardaş xalq rəsmi müttəfiq oldular

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Son illərin mühüm və qürurverici hadisələrindən biri türk ailəsinə daxil olan ölkələr arasında əlaqələrin həm ikitərəfli çərçivədə, həm də beynəlxalq təşkilatlarda uğurla inkişaf etməsidir. Ölkə  Prezidenti İlham Əliyevin  Özbəkistana  reallaşdırdığı dövlət səfəri  fonunda Azərbaycan-Özbəkistan münasibətlərinin dünəninə nəzər salaq. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.

 Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir. Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərindədir.  Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Tarixin bu faciəli səhifəsini də xüsusi qeyd etməliyik ki, 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə Daşnaksütun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə üç gün ərzində bu şəhərdə 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Dövlət başçısı  İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək bildirmişdir: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar.”

Hazırda Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində uğurla inkişaf etdirilir. Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin bu əməkdaşlığa töhfələri yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin  sözügedən dövlət səfəri münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalandı ki, onlardan biri də müttəfiqlik münasibətləri haqqında Müqavilə oldu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz rəsmən müttəfiq olduq. Bu,  tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir.  Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək: “Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Ona görə də bu hadisə ölkələrimizin ictimaiyyəti tərəfindən çox düzgün qiymətləndirilməlidir fikrinə mən də qoşuluram. Əminəm ki, onlar bizim danışdığımız məsələləri biləndə, bu səviyyəyə çıxdığımızı görəndə bu cür sevinc hissləri keçirirlər. Şavkat Miromonoviç deyəndə ki, bütün bunlar rekord qısa müddətdə edilib, o, tamamilə haqlıdır. Yəni, biz xalqlarımızın yaxınlaşması üzrə işlərimizi o qədər intensiv həyata keçirdik ki, bu səviyyəyə çatmaq üçün cəmi bir neçə il lazım oldu.”

Atılan hər bir addım gələcəyə çağırışdır. Azərbaycan-Özbəkistan  dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev diqqəti noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi COP29-a yönəldərək  Özbəkistan Prezidenti ilə yenidən görüşmək imkanı olacağını xüsusi vurğuladı. Bu kimi mühüm məqamlar münasibətlərimizin qarşılıqlı etimada və səmimiyyətə söykəndiyini təsdiqləyir.