Xəbərlər
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə parlamentinin sədr müavini ilə görüşüb
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanın nümayəndə heyəti Türkiyədə səfərdədir. Nümayəndə heyətinə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.
Sentyabrın 11-də Ankaradakı Heydər Əliyev parkına gələn nümayəndə heyəti Ulu Öndərimizin parkdakı heykəli önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad edib.
Sonra Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində parlament sədrinin müavini, Ədalət və İnkişaf Partiyasının parlament qrupunun rəhbəri Naci Bostancı ilə görüşüb.
Son aylar Türkiyədə baş verən terror hadisələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladığını diqqətə çatdıran Bahar Muradova Azərbaycan xalqının həmişə Türkiyə xalqının ağrılarına şərik olduğunu bildirib. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlərə, eləcə də iki partiyanın qadın təşkilatları arasındakı mövcud sıx əməkdaşlığın əhəmiyyətinə toxunan Bahar Muradova noyabrın 1-də Türkiyə parlamentinə keçiriləcək növbədənkənar seçkilərdə AKP-yə uğurlar arzulayıb.
Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etmək dəvətini qəbul etdiklərinə görə YAP nümayəndə heyətinə minnətdarlığını bildirən Naci Bostancı Azərbaycanın həmişə Türkiyənin sevinc və ağrılarına şərik çıxmasının xalqlarımızın dostluq və qardaşlığından qaynaqlandığını vurğulayıb. N. Bostancı bildirib ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımı daxil olmaqla Azərbaycanın bütün ağrılı məsələlərini diqqətdə saxlayır.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının sentyabrın 12-də keçiriləcək V qurultayında iştirak edəcək.