Xəbərlər
Masallı seçicilərinin seçimi bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Qızılağac, Birinci Yeddioymaq, İkinci Yeddioymaq və Qasımlı kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının baş məsləhətçisi Cəlal Əliyev Yeni Azərbaycan Partiyasının 1 sentyabrda keçiriləcək seçkilərdə yüksək fərqlə qələbə qazanmaq əzmində olduğunu bildirib. O, postmüharibə dövründə növbədənkənar parlament seçkilərinin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı barədə danışıb.
Deputatlığa namizəd Məşhur Məmmədov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar barədə məlumat verib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyən Məşhur Məmmədov vurğulayıb ki, bu mərhələdə də Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi ilə uğurlu və dinamik inkişaf davam edəcək.
YAP-ın namizədi bildirib ki, sosial-iqtisadi sektor üzrə regionların davamlı inkişafının təmin edilməsi Azərbaycanın qarşısında qoyduğu əsas hədəflərdən biridir: “Ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Masallı rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilib”.
Seçicilər Akif Qarayev, Heybət Şükürov, Nüsrət Nəsurullayev, İlahə Quluyeva və Fərhad Abbasov YAP-ın ölkənin rifahı naminə fəaliyyətini hər sahədə hiss etdiklərini, sabitliyin qarantı olduğunu qeyd ediblər.