Xəbərlər
Müttəfiqlik münasibətləri və yeni hədəflər
Əli Hüseynli
Milli Məclisin deputatı
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin xarici siyasətinin əsas tərkib hissəsi olan türk dünyasının həmrəyliyinin təmin edilməsi ilə bağlı atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı hər zaman bizim məhz bu ailədə birlikdə güclü olduğumuza əminliyini ifadə edir.
44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda türk dünyasının birliyi daha da möhkəmlənməyə doğru yön alıb. Bunu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin qarşılıqlı səfərləri, habelə əməkdaşlıq çoğrafiyasının genişlənməsində, əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan çox mühüm sənədlərin imzalanması da təsdiqləyir. Qarşılıqlı münasibətlərin ikitərəfli çərçivədə davamlı inkişafı beynəlxalq təşkilatlarda da əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir.
Bu baxımdan avqustun 22-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri özündə çox mühüm məqamları ehtiva edir. Azərbaycan və Özbəkistan tarixən iki yaxın xalq, iki yaxın ölkədir. Qədim tarixi birlik təməli qarşılıqlı fəaliyyətin inkişafı üçün həlledici məqamlardandır. Bu iki qardaş ölkənin liderlərinin şəxsi dostluğu Azərbaycan və Özbəkistan qarşılıqlı münasibətlərinə güclü impuls verir. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Yeni müstəqillik dövründə ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Respublikamız strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlib.
Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsini daha da sürətləndirib. Bu səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını, əmtəə dövriyyəsinin artmasını, nəqliyyat və energetika sahələrində əməkdaşlığın yeni mərhələyə daxil olmasını şərtləndirib.
Bunun nəticəsidir ki, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafı üçün möhkəm baza formalaşıb. Qeyd edək ki, bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Ötən il Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivədə hüquqi qüvvəsini almış “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” həm ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirdi.
Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir.
Ölkələrimiz arasında qabarıq nəzərə çarpan bu dinamizm ticarətin genişlənməsinə müsbət təsir göstərib. Belə ki, 2023-cü ildə mövcud sahədə dövriyyə 230 milyon dollardan çox olub. Cari ilin yanvar–iyul aylarında isə həmin göstərici təqribən 120 milyon dollar təşkil edir. Hər iki dövlətin iqtisadi inkişafını şərtləndirən bir məqamı da xatırlatmaq yerinə düşər. Özbəkistanda Azərbaycan kapitallı 240-dək müəssisə, respublikamızda isə dost ölkənin 70 şirkəti fəaliyyət göstərir.
Azərbaycan və Özbəkistan münasibətlərində daha çox diqqətçəkən məqamlardan biri Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dost ölkənin hər zaman dəstəkləməsi olub. Belə ki, Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyib. Vətən müharibəsindən sonra isə qardaş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızın bərpa-quruculuq prosesinə fəal qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda bu ölkənin vəsaiti hesabına inşa olunmuş məktəb qardaş özbək xalqının hədiyyəsi kimi yüksək dəyərləndirilib.
Dövlətimizin başçısının Özbəkistana indiki səfəri isə siyasi çəki baxımından mühüm tarixi məqamdır. Hər iki ölkənin liderləri arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin” imzalanması müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu birgə tarixi nailiyyətə yüksək qiymət vermişdir: “…Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq”.
Səfər çərçivəsində keçirilən biznes-forumda artıq 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırıldığı bildirilib və bu, uzun bir səyahətin başlanğıcı kimi qiymətləndirilib. Daşkənddə Azərbaycan və Özbəkistanın işgüzar dairələri nümayəndələri ilə görüşdən sonra ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihəyə start verilməsi mərasimi keçirilib. Həmin layihələr sırasında Özbəkistanda dəyəri 200 milyon dollar olan beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi, Qaşqadərya vilayətinin Qamaşı rayonunda layihə dəyəri 20 milyon dollarlıq gips, eləcə də gips-karton məmulatları istehsalı zavodunun inşası, “Agalarov Development” tərəfindən 133 milyon dollarlıq yaşayış komplekslərinin salınması, Azərbaycanın Yevlax və İmişli rayonlarında isə tekstil klasterlərinin yaradılması, Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi, Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının salınması kimi təşəbbüslər yer alıb.
Bu münasibətlərin əsasını ilk növbədə ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Həm qədim zamanlardan bəri, həm də Sovet İttifaqı dönəmində hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Bu gün iki dost, qardaş ölkə arasında əlaqələrin inkişaf dinamikası belə bir əminlik yaradır ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, hər iki dövlətin beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək.